Xuraman Muradovanın "Nəbi və Həcər" dastanı

KÖŞƏ 22 avq 2023, 21:44 117

Xuraman xanım Muradova - sahibkar, xeyriyyəçi, iş adamı, Türk dünyası “Onur-Şərəf” medalı mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə İlisam Birliyinin üzvü, “Vektor” Beynəlxalq Akademiyasının fəxri professoru, çox istedadlı yazar və oxucular tərəfindən sevilə-sevilə qarşılanan “Sənə məktub yazacam” kitabının müəllifidir. Sözlərinə bəstələnən mahnılar, “Sənə məktub yazacam” başda olmaqla, bütün mahnıları xalqın sevə-sevə qulaq asdığı mahnılardır.

Birinci və İkinci Qarabağ müharibələri gedən vaxtı əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi insan və hər zaman qazilər, şəhidlər ailələrinə təmənnasız dəstək olan Xuraman xanım Muradova məhz bu xeyirxahlığına, maraqlı, peşəkar, istedadlı yazılarına görə oxucular tərəfindən həmişə sevilir. Yüksək vətənpərvərlik notları üzərində köklənən hər bir çıxışı rəğbətlə qarşılanır.
Son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanımın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına səbəb olur. Bir daha vurğulayırıq ki, onun sözlərinə yazılan mahnılar isə dinləyicilərin sevə-sevə qulaq asdığı mahnılardır.
2023-cü ilin avqust ayının 22-də Xuraman xanım Muradovanın doğum günüdür.
Əziz oxucular! Xuraman xanım Muradovanın Birinci və İkinci Qarabağ müharibəsinə həsr etdiyi “Nəbi və Həcər” poemasını ad günü ərəfəsində sizə təqdim edir, onu bu əziz gün münasibətilə təbrik edib, çoxsaylı oxucularımız adından can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, əvvəlki şerirləri kimi bu poema da sizin xoşunuza gələcək və seviləcək.

XURAMAN MURADOVA
 

(Poema)

Birinci və ikinci Qarabağ müharibəsinə həsr olunub.
Müəllif

Qarabağ torpağının dağ Qubadlı elində,
Oğul dünyaya gəlir, bir nağılın dilində.
Adını Nəbi qoyub, tez böyüsün deyirlər.
Nəbi tək igid olsun, - xeyir-dua verirlər.
Günəş doğur bu zaman, Ay bədirlənir bu an,
Sabahın zülmətində saçlarını sökür dan.
Nəbi adı igidlik, ərənlik nişanəsi,
Yayılmışdı hər yana onun məğrurluq səsi.
El-obası sevinir Nəbinin gəlişinə,
Bir qurban da kəsirlər onun hər gülüşünə.
Bu vaxt onunla birgə kənddə bir qız doğulur,
Bu qaragöz qızın da adı Həcər qoyulur.
Biri kəndin o başı, biri kəndin bu başı,
Onlar bir yaşıd kimi olur sinif yoldaşı.
Məktəbə bir gedirlər, bir yerdə oxuyurlar,
Elmin gözəlliyini bir yerdə qoxuyurlar.
Hər ikisi əlaçı, nümunəvi şagird tək,
Sevilirlər məktəbdə əlaçı, doğma dost tək.
Böyüyürlər sevnclə, hər kəs sevir onları,
Sevir vətənə bu cür şərəf verən canları.
Nəbi arabir gəlir dərs üçün Həcərgilə,
Həcər də bu adəti yaşadır eyni ilə.
Nəbiyə doğmaları tez-tez zarafat edir,
“Gözün aydın ay Nəbi, yenə Həcərin gəlir”.
Həcərə də doğmalar sataşırlar arabir,
“Dur qarşıla ay Həcər, sevimli Nəbin gəlir”.
Heç birisi incimir doğmaların sözündən,
Sevinir ürəkləri, sevnc axır gözündən.
Belə zarafatlara alışır hər ikisi,
Həm məktəbin, həm elin olurlar sevimlisi.
Bir partada əyləşib, birgə yaşa dolurlar,
Özləri də bilmədən çox yaxın dost olurlar.
Öyrəşir bir-birinə, qəlbi bir, sözləri bir,
Vuran ürəkləriylə, cüt baxan gözləri bir.
Vaxt ötür, zaman keçir bu doğmalıq içində,
Pərvaz edirlər birgə, arzuların köçündə.
Hər iki dəyərli gənc çatırlar gənc çağına,
Səcdə edirlər hər an vətənin torpağına.
Gəncliyin bulağından birlikdə su içirlər,
Sevgi adlı dünyanın körpüsündən keçirlər.
Yaranır hər birinin qəlbində eşq yuvası,
Bu eşqə həmdəm olur doğmaların duası.
Vidalaşıb məktəblə, cütlük Bakıya gəlir,
Ürəklərində arzu, istək göyə yüksəlir.
Nəbi öz arzusuyla hərbi məktəbə gedir,
Həcər isə həkimlik arzusuna tez yetir.
Dünyanın xoşbəxti tək sevinir hər ikisi,
Dilə gəlir könüldə qurduqları sevgisi.
Nəbi ilə Həcərin qurulur toy mağarı,
Olurlar bir-birinin çox istəkli, tən yarı.
Bu sevgidən dünyaya gəlir bir oğul, br qız,
Onlara bu doğmalıq şərəf gətirir yalnız.
Oğula Nəbi adı, qıza Həcər adını,
Qoyaraq yaşadırlar bu eşqin saf andını.
Xalqımızın çox gözəl adət-ənənəsi var,
Qəhrəman oğullara igid tək baxır onlar.
Keçdiyi yollarını dastana döndərirlər,
Onlardan sevə-sevə hər an söhbət edirlər.
Bu sevgidən yaranıb “Koroğlu”, “Qaçaq Nəbi”,
Gələcək nəsillərə ötürüblər birbəbir.
Bu xalq unuda bilməz “Dədə Qorqud” soyunu,
Bu soy üstdə tanıyıb xalq qəhrəman oğlunu.
Xalqın sevgisi böyük igid oğullarına,
Ehtiramla yad edib, ehtiyac duyub buna.
Tarixin yaddaşıdı belə igidlərimiz,
Onları biz fəxrlə sevmişik hər birimiz.
Şah İsmayıl Xətai, Babək kimi qəhrəman,
Bu xalqın ürəyində yaşayacaqdı hər an!
***
Bürüyür hər bir yanı, bu zaman qara xəbər,
Yenə düşmən hiyləsi, yenə də müharibə.
Erməni vandalları Qarabaği istəyir,
Rus şovinist dostundan yenə kömək diləyir.
“Böyük bir Ermənistan” yaratmaqdır niyyəti,
Gedir İki əsirdi antitürk siyasəti.
Min doqquz yüz doxsanın iyirmi yanvar günü,
Tarixin qan yaddaşı,millətin ağlar günü.
Millət ayağa qalxıb gec də olsa oyanmış,
Azadlığın yolunda ölümüylə dayanmış.
Gözündə qoymaq üçün bu azadlıq arzusun
Xalqımın qanın tökdü keçmiş Sovet Ordusu,
Xüsusi qəddarlıqla amansızlıq edərək,
Xalqımın üzərinə tankları yeridərək.
Qana boyadı xalqı, doğma əziz Bakını,
Heç kəsə rəhm etmədən əzib tökdü qanını.
Əliyalın xalqımın üstündən tanklar keçdi,
Xalqım qorxmadı ancaq azadlığını seçdi.
Hər yanda yaralılar, var insan cəsədləri
Milyon-milyon insanın yarılmışdı sədləri.
Yenə də imperiya türk qanına susamış,
Bu xalqın qeyrətini ayaqlar altda almış.
Lakin xalqın birliyi güc gəlmişdi onlara,
Yox demiş əsarətə, yox demiş istismara.
Yox dedi imperiyanın çirkin əməlinə xalq-
Bu arzunun önündə durdu həqiqətlə haqq.
Xalq, qanı bahasına azadlığına çatdı,
Mənfur rus imperiyanın arzusuna daş atdı.
Yetmiş illik buxovun qırıldı zəncirləri,
Bəlli oldu hər kəsə rus xalqın əməlləri.
Müdrik xalqım axır ki, öz haqqını düz andı
Müstəqillik adını ölümüylə qazandı.
Çirkin əməllərindən doymayan rus millətin-
Türklərə ölüm eşqi oldu yalnız xisləti.
İşğalçılıq edərək birləşib erməniylə,
Qarabağı zəbt edir min cürə hiyləsiylə.
Yenidən Qarabağa dişlərini qıcıyır,
Neçə illik Qarabağ həsrətinə acıyır.
Bu mənfur niyyətindən çəkilməyən erməni,
Qarabağı özünə sayır doğma vətəni.
Güllələnir hər yerdə bu yerin vətəndaşı,
Başlayır Qarabağda ölüm-dirim savaşı.
Vətənin oğulları qalxır ayağa bu an,
Dilində şüar olur - ”Qarabağ Azərbaycan!”.
Yurdundan-yuvasından didərgin düşür ellər,
Qaçqın-köçkün adında qana dönür könüllər.
Silahlanır erməni rusların köməyiylə,
Azğınlaşır yenə də şovinist hiyləsiylə.
Türk qanından doymayan rus-erməni xisləti,
Çirkin əmllərindən çəkilməyirlər qəti.
Tək qalır Azərbaycan, ürəyi qanla dolur.
Yenə də parçalanır, yenə də işğal olur.
Vaxtilə imzalanmış “Türkmənçay”, “Gülüstan”ı,
Neçə yerə bölmüşdür Bütöv Azərbaycanı.
Parçaladı bu imza tarixi torpaqları,
Qorudu vətənimə düşmən havadarları.
Ürəyi iki yerə böldülər bir gecədə,
Qəssab tək qan içməkdən doymadılar necə də.
Beləcə zülm etdilər Azərbaycan türkünə,
Təkcə Araz ağladı vətənin bu gününə.
Sonra da başladılar köçürülmə işinə,
Yavaş-yavaş vətəni hey çəkdilər dişinə.
Tarixi ərazilərə kütləvi köç başladı,
Bu köçlər vətənimin ürəyini daşladı.
Köçürülüdü erməni İrandan Naxçıvana,
Qarabağa, sonra da, o qədim İrəvana.
Mənfur düşmənin kökü o zamandan qoyuldu,
Bununla da vətənin gözü hər an oyuldu.
Düşmən yer eylədikcə vətənimdə özünə,
Türkə düşmən kəsildi dağ basdılar gözünə.
Qırdılar, məhv etdilər, Azərbaycan türkünü
Dədə-baba yurdundan çıxartdılar köçünü.
Bu köç davam edildi 20-dən 65-ə,
Stalinzm dövründən qol qoyuldu bu işə.
İlan mələyən yerlər, Kür-Araz ovalığı,
Çəkdi soydaşlarıma dağ üstündən bir dağı.
Oldu səksən səkkizdə son təmizləmə işi,
Ürəkləri dağladı zamanın bu gərdişi.
Bir nəfər türk qalmadı, doğma İrəvanımda,
Qaçqın-köçkün düşdülər öz doğma yurdlarından.
Dişlərini qıcadı şovinist İmperiya,
Gəlmədi bircə kəs də vətənimçün haraya.
Azğınlaşmış vəhşi tək erməni quldurları,
Saldılar çölə-düzə biçarə insanları.
O quldur ermənilər baş kəsən cəllad kimi,
Oldu İrəvanımın, oldu qəddar hakimi.
Sonra da Qarabağa dişlərini qıcadı,
“Bpyük Ermənistan” yaratmaqdı muradı,
Ancaq bu muradını kəm qoydu igirlərim,
Qarabağın uğrunda ayağa durdu ərlərim.
***
Köçür Mingəçevirə Nəbi ailəsiylə,
Onlarla sağollaşıb qaydır müharibəyə.
Hərbiçi tək atılır o, könüllü döyüşə,
Düşmən lərzəyə gəlir, düşür yaman təşvişə.
Nəbinin igidliyi gəzir dillərdən- dilə,
Cəsur komandir kimi tanınır o, tezliklə.
Qəhrəmanlıq göstərib döyüşür bir neçə il,
Əzir düşmənin başın, onları edir zəlil.
Döyüşlərin birində Nəbi qəhrəman kimi,
Şəhidlik zirvəsinin olur igid hakimi.
Dəfn olunur Bakıda,
Şəhidlər Xiyabanında.
Dəfn olunur onu sevən
Könüllər sultanında.
Tez-tez Mingəçevirdən,
Uşaqları gəlirlər.
Nəbinin məzarını
Ziyarət eyləyirlər.
Nəbinin gözlərində çağlayırdı buludlar,
Qisas almaqdan ötrü gərginləşdi o ki var.
Baxdıqca qəbirlərə ürəkləri dağlanır,
Düşmənə nifrət hissi qəlbində alovlanır.
Gör neçə ana-bacı, qardaş-oğulsuz qalmış,
Neçə ailə başsız, ocaq sönüb qaralmış.
Gözləri yolda qalan neçə körpə atasız,
Neçə nişanlı oğul qaldı toysuz-mağarsız.
Kəsirdi bu ağrılar qəlbini bıçaq kimi,
Nifrətindən yanırdı ürəyi ocaq kimi.
Düşmən önündə özün bir anda hiss eylədi,
“Bu qan yerdə qalmasın”- öz-özünə söylədi.
Nəbinin gözlərində qisas hissi yanırdı,
Vətənə məhəbbəti içdən alıvlanırdı.
Baxdıqca atasının o məğrur baxışına,
Bacısının gözündən axan qəm yaığışına
Hərbiçi olmaq eşqi, cəbhəyə getmək eşqi,
Keçdi dərhal könlündən tezcə böyümək eşqi.
Baxdılar, seyr etdilər şəhidlərin qəbrini
Hər şəhidin qəbrindən asdılar öz səbrini.
Bu səbirin içində intiqam, qisas hissi,
Doğma torpaqlarının qışqırıq, haray səsi.
***
Aradan illər keçir, böyüyür uşaqları,
Böyüyür onsuz qalan könül yaraşıqları.
Hər iki bacı-qardaş ali məktəbə gəlir,
Qəlbində arzu-dilək sanki göyə yüksəlir.
Nəbi hərbi sahəni, Həcər həkimlik seçir,
Çox yüksək balla onlar qəbuldan rahat keçir.
Nəbi hərbiyə gedir, canla-başla çalışır,
Vətənə xidmətinə doğmalıqla alışır.
O, hərbi xitməni artıq başa vurmuşdu,
Vətənin keşiyində ləyaqətlə durmuşdu.
Onun əsgər qəlbində ata yurdun nisgili,
Gözündə uşaqlığın getməyən həsrət seli...
Parçalanmış ümidi, parçalanmış arzusu,
Həm şəhid atasının, həm torpağın qisası.
Narahat ürəyində bu əzab yaşayırdı,
Ağrını oğul kimi çiynində daşıyırdı.
Vətənmüharibəsinin iğid oğullarının,
Atasıyla bərabər anırdı adlarını.
“Öncə Vətəndir” deyib döyüşən qəhrəmanlar,
Şəhidlik zirvəsinə şərəflə ucalanlar
Məqsədləri vətəndir, torpaqdır, həm anadır!
Bu vətən bir yanadır, onlar da bir yanadır.
“Ürəyimcə almasam qisasımı düşməndən,
Bağışlamaz heç məni nə anam, nə də vətən.
İşğal altında olan vətən torpaqlarının,
Lalə meşələrin, boynu bükük dağların
Harayını eşidib dözə bilmirəm daha,
Gedəcəm düşmən üstə, ümidim tək Allaha.”
Bu sözləri söyləmiş əfsanəvi qəhrəman,
Adı dillər əzbəri,igid Mübariz oğlan.
O gecənin yarısı tərk edərək hissəni,
Var gücüylə susdurur erməni qüvvəsini.
Şığıyır ildırım tək düşmən üstünə bir an,
Minalı sərhədləri keçir o dayanmadan.
Gözlərində dondurur vaxtı da, zamanı da
Vaxtını fövqə vermir, ötürmür bir anı da.
Biçir, türkün qanına susayan ermənini,
Doğma torpaqlarımda ulayan ermənini.
Ölümün gözlərinə dik baxan Mübarizim,
Qəhrəmanlıq simvolum, ərən, igidlik rəmzim.
Göstərir düşmənlərə kimin kim olduğunu,
Bu torpaqda şir kimi oğul doğulduğunu.
Qorxu içində qalan düşmən bir anlıq çaşır,
Ağzında dili təpir, ayaqları dolaşır.
Bir anlıq sanırlar ki, qoşun gəlib üstünə,
Baxaraq hər tərəfə görürlər ki, qoşun nə?
Tək bircə türk əsgəri onları qırıb töküb,
Darmadağın etdiyi hərbi hissə tam çöküb.
Belə bir cəsarətə düşmən tamam mat qalır,
Qarşındakı əsgəri tək görəndə sarsılır.
Onlar türk əsgərinin kim olduğun anaraq,
Bu zülümə hönkürüb için-için yanaraq
Çökdülər dizi üstə bu heyrətin içində
Əridilər vətənə sədaqətin içində.
Mübariz İbrahimovigidliyin örnəyi,
Onun vətən sevgisi qüruru, ölməzliyi.
Yayıldı vətənimdə, bütün türk dünyasında,
Mübarizlik məktəbi yaşandı hər yaşında.
Rembo adı verildi bu məğrur igidimə,
Cəsurluq abidəsi ucaldı şəhidimə.
Gələcək nəsillərə Mübariz ünvan oldu,
Tarixin yaddaşında böyük qəhrəman oldu.
Mübariz igidliyi Nəbini ruhlandırır,
Onunla fəxr edərək bu yola can yandırır.
***
Nəbi yüksək rütbəli bir hərbiçi olmuşdu,
Atası tək ucaboy, ətə-qana dolmuşdu.
Hər gün deyirdi kaş ki, müharibə başlaya,
Qarşımda tab gətirməz nə daş, nə də ki qaya.
Atılaram meydana, düşmənin nəfəsini,
Kəsərəm o azğının İrəvanda səsini.
Alaram Qarabağın, Qubadlının haqqını,
Gedib Şuşaya qədər tökərəm düşmən qanın.
Rahat dura bilmirdi erməni qaniçənlər,
Susayıb qanımıza, bizi hər gün biçənlər.
Səhər-səhər yayılır hər yana qara xəbər,
Tovuzu tutubdular atəşə ermənilər.
Əsgərlər arasında çoxlu yaralılar var,
Düşmənə cavab verib şəhid olur oğullar.
Bu anda bir xəbər də verildi xalqa birdən,
Hamı ayağa qalxdı, hayqırdı hamı yerdən.
Xalqın general oğlu Polad Həşimov şəhid,
“Qanın yerdə qoymarıq ölməz belə bir igid”.
Bütün ölkə qarışdı hamı Polad söylədi,
Ali Baş Komandana bizə əmr edin dedi.
Polad, polad vüqarlı, çox dəmir iradəli,
Hərbi güc-savadıyla daim gedib irəli.
Vətənə olan sevgi, sevgiyə olan inam,
Poladı polad kimi yetişdirib bütöv, tam.
Sinəsin sipər edib Aprel döyüşlərində,
Qəhrəmanlıq var onun türk qanında, genində.
Əskər kimi sevilib, komandir tək ucaldı,
Əsl hərbiçikimi general adın aldı.
Ucalqıca sadəlik oldu baş ucalığı,
Ucalara qaldırdı şanlı vətən bayrağın.
Erməni vandalları Tovuza can atanda,
Polad General kimi dayanmadı bir an da.
Layiqli cavab verdi dəstəsiylə düşmənə,
Canın qurban eylədi doğma əziz vətənə.
General şəhid kimi səs saldı bu adıyla,
Vətənə sevgi verən azadlıq muradıyla.
Bu cəsarət hünəri xalqı oyatdı o gün,
Qoşuldu bütün gənclər dəstə boy atdı o gün.
***
Müharibə istədi xalq ayağa duraraq,
Oğullar qisas dedi izdihamı yararaq.
Növbə ilə adları yazıldı siyahıya,
Hər kəs qoşuldu birgə bu müqəddəs haraya.
Hazır idi döyüşə Nəbi hərbiçi kimi,
Ürəkdən sevinirdi cəsur döyüşçü kimi.
Azad olacaq idi işğaldakı torpaqlar,
Neçə illik həsrətə son qoyacaqdı onlar.
Rütbəli zabit kimi, Xüsusi Təyinatlarda,
Nəbi təmkinli idi, hər yerdə, hər bir halda.
Aprel döyüşlərinin igid, qəhrəman oğlu,
Qbudalının sevilib, cəsur tanınan oğlu,
Mais Barxudarov tək, igid General mayor,
Vətən sevgisi əzəl gündən ona oldu yar.
Lələtəpə uğrunda gedən döyüşlərdə o,
Tank üstündə getmişdi birinici cərgədə o,
Əsgərlər generalın bu qorxmaz döyüşündən,
İlham alırdı sanki tutduğu hər işindən.
Aprel döyüşlərinin rəhbərlərindən biri,
Vətən müharibəsinin mükəmməl komandiri,
Əzəmət, vüqar hissi Hikmət Mirzəyevin də,
Dərindən kök salmışdı onun saf gözlərində
Adı xalqın qəlbində, Şuşa fatehi kimi,
Vətən eşqi ucaltdı, oldu xalqın hakimi.
Belə generalların Nəbi ilə görüşü,
Nəbiyə qanad verdi sevdirdi bu döyüşü.
Nəbinin hünərindən hər ikisi xəbərdar,
Ona döyüş yolunda eylədilər etibar
Beləliklə, Nəbi də Xüsusi təyinatlarda
Birləşərək döyüşə atıldı ağır anda.
Sevinərək qabaqda gedirdi döyüşlərin,
Hər kəs aydın görürdü bu igidin hünərin.
Neçə il işğal altda inləyən torpaqların,
Həsrətdən gözlərində yaş donan insanların,
Ah-naləsi qalmışdı hər dağda, hər dərədə,
Onları da düşündü Nəbi bu vaxt bu vədə.
Nəbini hər kəs sevir, bu rəşadət, bu şanla,
Hətta Hikmət Mirzəyev görüşmüşdü onunla.
Bacısı Həcər həkim arxa cəbhədə idi,
Hər gün ağır xəstələr, yaralılar gəlirdi.
Ölümdən qurtarırdı bəzən ağır xəstəni,
Yatmırdı bütün günü, dincəlmirdi gecəni.
Tez-tez danışırdı o qardaşı Nəbi ilə,
Ona dayaq olurdu xoş sözlü diləyiylə.
Vətən torpaqlarında müharibə gedirdi,
Hər gün rayonlar, kəndlər, hey azad edilirdi.
Hər gün şəhid xəbəri, ölüm ilə üz-üzə,
Zəfərimiz uğrunda gedirdi mübarizə.
Artıq azad olmuşdu Füzuli, Suqovuşan,
Cəbrayılla Qubadlı, bir də gözəl Zəngilan.
Hər gün ölkə başçısı xəbərləri verdikcə,
Cəsur öğullarımız torpaq azad etdikcə,
Fərəhlənir, sevinir hamı ayağa durur,
Azadlığın eşqiylə ürəklər eyni vurur.
Ağdamın, Ağdərənin alınması xəbəri,
Bürüyür bircə anda, bürüyür hər bir yeri.
Hətta xaricdə olan soydaşlar da sevinir
Hamı bu şad xəbərə xoş danışır, xoş dinir.
Noyabrın 20-si Ağdam alınan günü,
Hamı bayram eylədi sanki bu toy-düyünü.
Kəlbəcər, Laçın haqda danışıqlar gedirdi,
Bu rayonlar döyüşsüz azad ediləcəkdi.
Silahsız, döyüşmədən alınaraq bu yerlər,
Qəhrəman Ordunuza sakit təhvil verdilər.
Ağdam, Laçın, Kəlbəcər qurtulmuşdu işğaldan,
Qurtulmuşdu o zalım düşmənin caynağından.
Əsir düşmüş Xocalım, Xankəndim, Xocavəndim,
Mədəniyyət beşiyi Şuşadır bazubəndim.
Onları almaq üçün dəstələndi oğullar,
Yenə də əmir gəldi, dayanın dedi onlar.
Bu xəbərdən məyusluq duysa da döyüşçülər,
Ancaq döyüş əmrinə onlar hazır idilər.
Ermənilər yenə də hiyləyə əl ataraq,
Laçına gələn yolda qoşunuyla yataraq,
Fikirləşdilər yalnız ya Qırmızı Bazardan,
Ya da Laçın tərəfdən keçəcəklər oradan
Düşündülər başqa yol yoxdu Şuşaya girmək,
Buna ağıl lazımdı, bir də dərin düşünmək.
Belə ağlın sahibi Hikmət Mirzəyev idi,
Qayalarla Şuşaya girmək əmrini verdi.
Xüsusi Təyinatlıların rəisidi bu igid,
Vətənimin ürəyi, nəfəsidi bu igid.
Bizim cəsur igidlər tez Daşaltı tərəfdən
Sıldırım qayalara dırmaşaraq hər yerdən.
Yeriyib düşmən üstə, əllərində bıçaqla,
Yorulmadan getdilər tək piyada ayaqla,
Uzun bir yol keçərək, qorxu bilmədən onlar
Kəsib düşmən üstünü bir anlıq dayandılar.
Bircə güllə atmadan, sakit irəliləyərək,
Düşmənin həmləsini darmadağın edərək
Düşmən gözü bərəlmiş, mat qalmışdı bu işə,
Bu qəfləti hücumdan düşmüşdülər təşvişə.
İndi tanıdı onlar Azərbaycan oğlunu,
Azərbaycan igidi sübut etmişdi bunu.
Pərən-pərən olmuşdu dığalar bircə anlıq,
Onlara bu basqılar qalmışdı çox qaranlıq.
Gəbərmişdi it kimi meyitləri hər yanda,
Qalanları qaçaraq gizlənmişdi qınında.
Qurtarmışdı Şuşamın canı mənfur düşməndən,
Rahat nəfəs alırdı doğma olan bu vətən.
Ali Baş Komandanın səsi gəldi efirdən,
“Şuşamız alınıbdı” deyə səsləndi birdən.
Sevinirdi xalqımız, sevinirdi hər bir kəs,
Yayılmışdı hər yana bu vətən haraylı səs.
Komandir Mirzəyevin döyüş əmri səsləndi,
Hazırlaşın bu gecə alınmalıdı Xankənd,
Sonra onun dalınca alınmalı Xocavənd!
Girmişdi Xankəndinə, alınmışdı yarısı,
Alınacaqdı sonra Xocalının qisası.
Lakin imkan vermədi “rusun sülhməramları”,
Yenə oyun oynadı imperiya tulaları.
Dözmədi haqsızlığa igidlərimin qanı,
Uca dağlar aşaraq tez aldılar Şuşanı.
Bu silahsız dəstələr, xüsusi təyinatlar,
Əlbəyaxa döyüşüb düşməni susdurdular.
Aldılar Şuamızı Nəbigilin dəstəsi,
Yayıldı hər bir yana qələbənin son səsi.
***
Şuşa həbsxanası...
Var burda neçə dustaq.
Neçə ölüm kürsüsü,
Neçə ömürdan qıraq.
Öz doğma torpağında,
Gavur düşmən əlində
Neçə ildi sevdiyi.
Vətən sözü dilində.
Nəbi öz dəstəsiylə,
Açır dustaqxananı.
Açır ürək ağrıdan,
Ölüm qoxan zindanı.
İçərdə yeddi nəfər
Qocalıb əldən düşmüş,
Qoca döyüşçülərdi,
Hər birisi qəhrəman,
Hər birisi bir ərdi.
Birinci müharibədən
Əsir düşmüş igidlər.
Hər gün can verə-verə,
Hər gün ölmüş igidlər.
Neçəsi həlak olub,
Vidalaşmış həyatla.
Neçəsin sağ aparmış,
Düşmən çox ehtiyatla.
Nəbi onları tutur sorğu-suala bir-bir,
Hardan, kim olduqları haqda xəbər öyrənir.
Bir qoca əldən düşmüş dustağın adı Nəbi,
Yoldaşın adı Həcər, oğlunun adı Nəbi.
Soruşanda söyləyir, “Qubadlıdanam oğul,
Mollu kəndindənəm, əslən ordanam oğul”.
Eşitdikcə Nəbinin ürəyi tir-tir əsir,
Ola bilməz bu qədər insan sağ qala əsr.
Bu atasıdır onun, ölməyib sağ qalıbdı,
Atasının yerinə kimsə şəhid olubdu.
Hətta qəbrin üstünə yazılıb ad-soyadı,
Əsir olan bu ata daşıyıb şəhid adı.
Atılır atasının üstünə dərhal onun-
Qucaqlayıb öpərək sevələyir boyunu.
Ata-bala sevinir bu qəfləti görüşə,
Yanındakı dostlar da mat qalmışdır bu işə.
Tapşırır dustaqları hərbiçi yoldaşlara,
Tez aparın onları, çatdırın doğmalara.
Atanın vəziyyəti bu an çox kəskinləşir,
Eşitdiyi xəbərdən halı bir az pisləşir.
İnanmır qarşısında onun oğludu duran,
İnanmır sinəsində ürəyidi sağ vuran.
Xəbər tutur bu işdən Hikmət Mirzəyev bu an,
Dərhal tədarük görür fövqə getməyir zaman.
Zəng edərək Nəbiyə Bakıya getmək üçün,
İcazə verir ona dərdinə yetmək üçün.
Atanı aparmağa Helekopter göndərir,
Bu barədə Nəbiyə dərhal xəbər də verir.
Beləliklə, Nəbini Bakıya gətirirlər,
Xəstəxanaya onu dərhal yerləşdirirlər.
Sağalmasına onun çox az bir ümid qalmış,
Ömrünün çoxu getmiş, əsirlikdə qocalmış.
Bacısına xəbəri çatdırır ehtiyatla,
Tələsir burda zaman, dəqiqəylə, saatla.
Həkimlərlə bərabər göstərir qulluq ona,
Çoxdandır həsrət qalmış sevimli atasına.
Hazırdı oğul kimi canından can verməyə,
Allaha dua edir ona kömək etməyə.
Atasına sevərək qulluq eyləyir Nəbi,
Xoş arzu, xoş sözləri ona söyləyir Nəbi.
O, ata sevincini yaşayır çox qürurla,
Atası bu sevinci yarı bölür onunla.
Sığallayır başını sinəsinə sıxaraq,
Ata-oğul sevinclə bir-birinə baxaraq.
Atanın sağalması gün-gündən irəliləyir,
Hər kəs bu xoş gün üçün çoxlu dua eyləyir...

***
Oğul Nəbi evlənib, qız Həcər ərə getmiş,
Nəbi oğluna Nəbi, qız Həcər adın vermiş.
Beləcə nəvələr də ata-baba adını
Saxlamışdı hər biri doğma ad, soyadını.
Eyni sənət, eyni ad
Yazılır onların da
Ömürlərinə heyhat...
Ata Nəbi bu ağır xəstəlikdən sağalır,
Hər kəsin köməyiylə artıq ayağa qalxır.
Oğul fikirləşir ki, atası sağalıbdır,
Ananı gətirməyin artıq vaxtı çatıbdır.
Oğul tez anasının başın üstün kəsdirir,
Onu bu müjdə üçün aparmağa tələsir.
-“Ana, ay ana, sənə gözəl bir xəbərim var,
Amma heç nə soruşma, hər şey bilincə nolar.
Əynini gözəl geyin, birgə gedək mənimlə,
Unudaq qəm-kədəri, deyək-gülək mənimlə.
Gətirir anasını atasıyla görüşə,
Bütün qohum-əqraba sevinirlər bu işə.
Xəstəxanaya girən, ana bir anlıq çaşır,
Xəyalları çox olan keçmişində dolaşır.
Nəbi sevincək halda anasına üz tutub,
Qəlbindəyaşatdığı ata dərdin unudub...
Başına gələnləri danışır anasına,
Sanki bir həyat verir gülüzlü sonasına.
Ana inana bilmir gəlib yar görüşünə,
Neçə illik həsrətin, sevginin səcdəsinə.
Gözlərinə inanmır o cavan Nəbisindən,
Bir əsarət qalmamış, onun gözəl sinindən.
Yenə də inanmayıb çox tərəddüt eyləyir,
Nəbi çox cəsarətlə ona belə söyləyir:
-Deyirdin ki, nə zaman itsən səni tapacam,
Boynundakı xalından mən səni tanıyacam”.
Həcərin gözlərindən yaş sel kimi axırdı,
Neçə illik həsrətin gözlərinə baxırdı.
Allahına şükr edib düşür ayaqlarına,
Göz yaşlarıyla baxır boynundakı xalına.
Sevincdən qışqıraraq, bizim Nəbidir, deyir
Qarşında diz çökərək ona səcdə eyləyir.
-Yuxuma çox gəlmisən, sağ olmağın bilirdim,
Sanki hər gün, hər gecə yolunu gözləyirdim.
İnanmırdım o şəhid məzarı sənin idi,
Sanki yad bir insanın olması bəyan idi.
Fəxr edib inanmışdım şəhid olmusan deyə,
Yığılmırdı yollardan ancaq gözlərim niyə...
Otuz ildi mən səni şəhid kimi bilsəm də,
Gizlin-gizlin ağlayıb, gizlin-gizlin ölsəm də...
Bilirdim ki, hislərim, yuxum yalan deyilmiş,
Mənim Nəbim sağ imiş, mənim Nəbim ölməmiş.
Daha vermərəm səni bil, ölümün əlinə,
Batmarıq heç bir zaman qəm-kədərin selinə.
Daha qorxma ölümdən, mən ölüncə qulunam,
Yenə həmin Həcərin, yenə həmin sonanam.
***
Nəvə Nəbiylə Həcər dolanırlar başına,
Babanın göz yaşları qarışır göz yaşına.
Allahına üz tutub bu xoşbəxt günü üçün,
Baba dua eyləyir onlara baxıb hər gün.
Nə yaxşı ki, ölmədim bu günləri də gördüm,
Övladlarımın bu gün şirin barını dərdim.
Oğlum Nəbiylə qızım Həcərin övladları,
Nəbi, Həcər adını bölüblər mənlə yarı.
Maşallah böyüyüblər onlar da bizim kimi,
Olacaqlar bu nəslin baş tacı, baş hakimi.
Baba Nəbi haqlıydı dediyi hər sözündə,
Oğlu, qızı, nəvələr bir dünyaydı gözündə.
Hər birisi Həcərdi, hər birisi Nəbiydi,
Sənətləri də eyni, adları da eynydi.
Bu heyranlıq içində baba Nəbiylə, Həcər,
Yaşadılar bir müddət, yaşadılar bəxətəvər.
Artıq nəvələri də ali təhsil alırdı,
Onların hər birisi doğma Bakıda qalırdı.
Qocalmışdı baba da, qocalmışdı nənə də,
Bu qocalıqdan baxıb, fəxr edirlər yenə də.
Artıq babayla nənə nəvə toyu istəyir,
Çağırıb oğlun, qızın bir məsləhət eləyir.
Ata-oğul Nəbilər, ana Həcər, qız Həcər,
Otururlar üzbəüz, açılır saf ürəklər.
Ata Nəbi başlayır sözünə çox ahənglə,
Nənə Həcər bu sözə naxış vurur min rənglə.
Ay bala, nəvə toyu istəyir ürəyimiz,
Daha Allahdan bizim yox başqa diləyimiz.
Çox şükür ki, nəvələr boya-başa çatıblar,
Evlənmək vaxtlarıdır, artq yaşa çatıblar.
Könlümüzdən keçir ki, onları evləndirək,
Bibiqızı, dayıoğlun bir yerdə xoşbəxt edək.
Razılığın alsaydıq toylarını edərdik,
Biz də ki, bu dünyadan rahat ölüb gedərdik.
Hər iki bacı qardaş bu sözdən xoşhalolur,
Ürəkləri açılır, gözlər sevinclə dolur.
Demə Nəbiylə Həcər bir-birini sevirlər,
Ancaq ata-anadan bunları gizlədirlər.
Xeyir-duasın edib dayoğlu, bibiqızın,
Şamını yandırılar bir cüt yanar ulduzun.
Şükür edir Yaradana, şükür edir valideynlər,
Taleyin xoş gününə ürəkdən sevinirlər.
Həyat verir onlara, övladların sevgisi,
Yayılır hər bir yana bu taleyin xoş səsi.
Nəvə Nəbiylə, Həcər xoşbəxt həyat qururlar,
Baba Nəbiylə Həcər ömrü başa vururlar.
Burada başa çatır bizim də dastanımız,
Qoy bəxtiyar yaşasın bütün cavanlarımız!

Bakı şəhəri,
iyun-iyul - 2022- ci il

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top