Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemində yenilik edilib

BANK 14 okt 2022, 10:34 149
Sosial.tv AMB-yə istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin “Tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası” da dəyişiklik nəzərdə tutulub.
Belə ki,  fiziki şəxslərə “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Azərbaycan Mərkəzi Bankının (AMB) kassaları vasitəsilə də satılacaq. Amma ödənişin ümumi məbləği 4 min manatı keçməməlidir.
 Oktyabrın 12-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, satış zamanı “Nağdsız hesabalaşmalar haqqında” qanunun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınacaq. Belə ki, 4 min manatdan çox ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı AMB ilə bağlanmış müqavilə əsasında həyata keçiriləcək.
 Bununla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququ əldə edib.
 Tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar hər gün AMB-nin internet səhifəsində yerləşdirilir. Vətəndaşlar pul nişanlarını real vaxt rejimində satın ala və yaxud həftənin II və IV günləri saat 10:00-dan 13:00-a qədər AMB-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı və ərazi idarələrindəki (Yevlax, Gəncə, Biləsuvar, Quba, Naxçıvan) kassalardan əldə edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top