“Məktəblər qadın hamamına dönüb, Elm və Təhsil Nazirliyi yox kimi bir şeydir” – SƏRT AÇIQLAMA

ELM VƏ TƏHSİL 26 yan 2024, 17:20 237

 

Azərbaycan gündəmi məktəblərdə ard-arda baş verən xoşagəlməz hadisələrlə çalxalanır. Artıq şagirdlərin bir-birinə fiziki xəsarət yetirməsi, müəllimlərin isə təlim-tədris mövzularında gözləntiləri doğrultmamaları adi hala çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a danışan “Sağlam Cəmiyyət” Hərəkatının rəhbəri Elçin Bayramlı müvafiq qurumların baş verənlərə biganəliyindən şikayətlənib:

“Uzun illərdir ki, həyəcan təbili çalaraq aidiyyəti qurumları tədbir görməyə çağırırıq. Təəssüf ki, nə Elm və Təhsil Nazirliyi, nə də digər orqanlar təhsil sektorundakı dözülməz duruma müdaxilə etməkdə maraqlı görünmürlər. Milyonlarla müəllim, valideyn, şagird məktəbdəki biabırçılıqların aradan qaldırılmasını tələb edir. Amma nazirlikdən hərəkət yoxdur, vəziyyəti düzəltmək üçün heç bir təsirli tədbir görülmür”.

Sosioloq baş verənlərdə təksə təhsil müəssisələrini günahlandırmağın da doğru olmadığını düşünür:

“Valideynlər də uşaqlarına münasibətdə düzgün tərbiyə metodları seçmir. Kimsə onları aldadıb ki, uşağa tərbiyə vermək, tənbeh etmək olmaz, bu, onların psixologiyasını poza bilər və s. Hansısa sarsaq psixoloqun tövsiyələrinə uyaraq uşaqlarını gələcəyin potensial cinayətkarı, qulduru kimi yetişdirirlər. Beləliklə, məktəblərdə şagirdlərin müəllimi təhqir edən, söyən, bir-birini bıçaqlayan, öldürən, zorlayan yeni nəsil yetişib. Əvvəllər yuxarı sinif şagirdləri daha çox hegemonluq edirdi. Son vaxtlar orta və aşağı sinif uşaqları da buna başlayıb. Çünki məktəbdə çəkinəcək yerləri yoxdur. Bunun bir səbəbi də odur ki, kişi müəllimlər də məktəbdən didərgin salınıb. İndi məktəblər sanki qadın hamamına dönüb”.

Ekspert Elm və Təhsil Nazirliyinin biganəliyini tənqid edib:

“Yaradılmış mühit, təhsil sistemi adı altında aparılan əcaib eksperimentlər gələcək nəsli məhv etməyə fokuslanıb. Məktəblər əvvəllər təhsil ocağı adlanırdı. Hazırda bu ocaqlar uşaqların tərbiyəsini və kollektivçilik ruhunu məhv edir. Elm və Təhsil Nazirliyi hazırda yox kimi bir şeydir”.

Fatimə Lətif,

KONKRET.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top