Sanura Cəfərova: "Aktrisa bütün səhnələrə çəkilməyi bacarmalıdır"

KİNO 01 apr 2024, 12:06 1046

Aktrisa Sanura Cəfərovanın Kult.az-a müsahibəsi:

- Sanura xanım, qadın sənətçilərin əksəriyyəti Azərbaycanda aktrisa olmağın çətin olduğunu deyirlər...

- Azərbaycanda ümumən qadın olmağın özü çətindir, o ki qaldı aktrisa olasan. Bir şey asandır ki, məşhur olmaq problemi yoxdur. Sosial şəbəkələr bunu əlverişli edib. Mənimçünsə bu məsələlər xüsusi olaraq çətin olub, o da ailəmə görə. Anam heç vaxt aktrisa olmağımı istəmirdi. Çətinliklərə baxmayaraq, illər sonra mən yenə istədiyim peşə ilə məşğul oldum. Uşaqlıqdan incəsənəti sevmişəm. KVN-də oynamışam.

- Ananız aktrisa olmağınıza niyə icazə vermirdi?

- Nə bilim, istəmirdi. Yəqin, cəmiyyətin reaksiyasına görə.

- Aktrisalar, adətən, intim səhnələrə çəkiləndə müzakirə olunurlar. Məsələn, heç olmasa öpüşmə səhnəsinə çəkilmisiniz?

- Xeyr, olmayıb belə bir səhnəm, amma qınamaq düzgün deyil. Məncə, aktrisa bütün səhnələrə çəkilməyi bacarmalıdır, cəmiyyət bunu normal qəbul etməlidir.

- Öpüşmə təklifi gəlsə necə, qəbul edərsiniz? Cəmiyyətin qınağından qorxmursunuz ki?

- Estetik şəkildə təqdim edən rejissor olsa, öpüşmə səhnəsinə razılaşaram. Amma bunu da qısametrajlı film, serialda razılaşmaram. Tammetrajlı filmdə öpüşmə səhnəsi normaldır. Cəmiyyətdən isə qorxmuram, özüm bilirəm ki, nə olar, nə olmaz. Buna təcrübəm, ağlım imkan verir. Cəmiyyətin fikri ilə yaşamıram.

- Konkret olaraq qırmızı xəttiniz nədir, hansı səhnəyə çəkilməzsiniz?

- Qırmızı xətt deməzdim, tək şərtim o olur ki, saçlarıma toxunmasınlar. Bəlkə sualın cavabı bu deyil, amma konkret bu məsələ ən yaralı yerimdir. İmtina etdiyim rol olub, o da açıq-saçıqlığına yox, xoşuma gəlmədiyinə görə.

- Sizi sosial şəbəkədə həm də geyimlərinizin açıq-saçıqlığına görə tənqid edirlər…

- Mən hər şeyi öz bədən ölçülərimə yaraşan tərzdə geyinirəm. Qısa geyim mənə yaraşır. Vulqar geyim istifadə etmirəm. Onsuz da tanınmış simasansa, necəsə müzakirə olunacaqsan, neqativ düşüncələr olacaq. Bütün hallarda düşünmürəm ki, mənim haqqında bu məsələr çox danışılır. İzləyicilərim məni sevirlər.

- Belə bir ifadə var ki, pul hər şeyi həll edir. Məsələn, sizinçün belə miqdar var ki, onu təklif eləsələr, imtina edəcəyiniz rolu da qəbul edəsiniz?

- Pul çox şeyi həll etsə də, hər şeyi həll eləmir. Mən bir səhnədən imtina edirəmsə, bir bildiyim var. Bu, mənim seçimim, sərhədimdir. Buna isə heç bir qonorar təsir edə bilməz.

- Təklifləri nəyə əsasən qəbul edirsiniz? Məsələn, sizinçün filmin, serialın ciddi olub-olmaması önəmlidirmi? Yoxsa məsələn, qonorar versinlər, öz rolunuzu oynayın, vəssalam?

- Təklifləri ilk növbədə ssenariyə görə dəyərləndirirəm. Mənimçün birinci məsələ obrazımın ağırlığıdır.

- Düşünürsünüz ki, “Varlı qız, kasıb oğlan”dakı Nüşabə obrazınız ağırdır? Bəlkə o məhz kütlə üçündür?

- Ağır deyəndə, mən yaddaqalan obrazı nəzərdə tuturam. Biz onu artıq 6 ildir, çəkirik. Düşünürəm ki, bu obraz da sevilən obrazdır və həm də o obrazlar elə cəmiyyətdə var. Təbii ki, həm də kütlə üçün çəkirik.

- Sənət sahəsində, adətən, narazılıqlar çox olur. Sizin necə, film, serial sahəsində narazılığınız var?

- Narazılığım bəli, var. Ssenarilərdən narazıyam ki, sərhədlər qoyulur. Məsələn, “Əqrəb mövsümü” yaxşı idi, hər şey yerli-yerində, amma çox zaman belə olmur, bizə senzura qoyurlar. Məncə, ssenaridə calı danışıq dili tətbiq olunmalıdır, çox zaman ifrat dərəcədə bədii danışırlar. O cümlədən, eyni simalardan çox istifadə edilir. Adama elə gəlir, kim çox görünürsə, ən istedadlı odur. Son olaraq isə qonorar məsələsi. Düzdür, başa düşürük, amma yenə də razı deyiləm.

- Sirr deyilsə, nə qədər qonorar alırsınız?

- Sirrdir, açıqlaya bilməyəcəm.

- Bildiyimiz qədər, ailəli deyilsiniz. Məsələn, gələcəkdə həyat yoldaşınız intim səhnələr olsa, ona qarışsa, necə olacaq? Sənəti sevgiyə qurban verərsiniz, yoxsa əsas ailə dəyərləridir?

- Həyatıma girən insan nə işlə məşğul olduğumu bilməlidir. Mən ayıb bir iş görmürəm. Sənətimi isə yox, sevgiyə qurban vermərəm. Sevgi ilə sənət arasında qalsam, sənəti seçərəm. Onsuz da intim səhnələrdə öz sərhədlərim var. Bu, o qədər də problemli məsələ deyil. Həyatımda olan insan sənətimi qəbul etmirsə, mənim həyatımda da yeri ola bilməz.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top