65 il öncə Azərbaycana məxsus təyyarəni kim vurmuşdu? – 20-ci sərnişin müəmması və havaya açılan atəş...

ARAŞDIRMA 14 yan 2024, 17:34 412
65 il öncə Azərbaycana məxsus təyyarəni kim vurmuşdu? – 20-ci sərnişin müəmma
Adətən Mərkəzi Komitədə keçiriləcək müşavirələr haqqında iştirak edəcək şəxslərə ən azı bir gün əvvəldən məlumat verilib. 1959-cu ilin yanvar ayının 19-da isə hələ iş günü başlamamış Siyasi Büro üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Nikita Xruşşovun göstərişi ilə təcili Kremlə dəvət olunublar. Müşavirənin elə ilk dəqiqəlrində Xruşşovun qəzəbli görünməsindən müşavirə iştirakçıları hansısa xoşagəlməz bir hadisənin verdiyini dərhal anlayıblar. Sovet lideri birbaşa mətləbə keçib:
Diqqətinizə gecə baş vermiş hadisəni çatdırmaq istəyirəm. Gecə saatlarında ərazimizdə təyyarə qəzası baş verib. Daha dəqiq ifadə etsəm ilkin məlumatlara görə bu, sadə təyyarə qəzası deyil, təyyarəni vurublar və təyyarəni amerikalılar vurmayıb, nə də müharibə deyil ki, almanlar vursunlar. Bu daxilimizdə qəsdən törədilən cinayət hadisəsidir. Biz bu işlə ciddi məşğul olmalıyıq, komissiya yaradıb araşdırma aparmalıyıq...
Maraqlıdır, söhbət hansı təyyarədən və hansı qəzadan gedib?
Həmin ilin yanvarın 18-də gecə saatlarında Azərbaycan Mülki Hava Donanmasına məxsus olan, Moskva-Bakı reysini icra edən İl-14 təyyarəsi Stalinqrad (indiki Volqoqrad) hava limanının yaxınlığında qəzaya uğrayıb. Hadisənin ilk saatlarında qəza ilə bağlı fərqli versiyalar səsləndirilib. Xruşşovun göstərişi ilə xüsusi komissiya yaradıldıqdan sonra ətraflı araşdırmalar başlanıb. Komissiyanın tərkibinə Azərbaycan tərəfdən də nümayəndələr cəlb edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, yanvarın 18-də Moskva-Voronej-Stalinqrad-Bakı reysi ilə uçan təyyarə 90 dəqiqədən sonra Voronejə eniş edib. 45 dəqiqədən sonra, saat 02.07-də yenidən havaya qalxaraq Stalinqrada istiqamət alıb. Saat 03.33-də dispetçer məntəqəsindən ekipaj komandirinə hava şəraitinin eniş üçün uyğunsuzluğu haqqında xəbərdarlıq edilib və havada gözləmə zonasında qalmaq göstərişi verilib. 
Bir müddət sonra təyyarənin eniş zolağına enməsi haqqında göstəriş alan pilot enişə cəhd edib. Eniş zolağı tam aydın görünsə də, dispetçerdən eniş təsdiqini alsa da 400 metr hündürlükdə olanda təyyarə idarəetməni itirib və dispetçerlə əlaqə tam kəsilib. Saatda 300 kilometr sürətlə irəliləyən təyyarə saniyələr ərzində hava limanından 2-3 kilometr aralıda yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan 20 sərnişin və təyyarənin 5 nəfər heyət üzvü həlak olub.
Komissiya üzvlərinin bir qismi ilk rəydə qəzanın səbəbini texniki nasazlıq, yaxud hava şəraiti ilə bağlasalar da, digər üzvləri bu rəylə razılaşmayıblar. Onların aralarında ciddi fikir ayrılığı yaranıb. Bununla da komissiya Moskvaya iki fərqli arayış təqdim edib.
Birinci arayışda hava şəraitinin təyyarənin eniş etməsinə uyğunsuzluğu göstərilərək, pilotun təcrübəsizliyi nəticəsində qəzanın baş verməsi qeyd edilib. Daha sonra arayışa əlavə olunub ki, dispetçerlə əlaqənin kəsilməsi təyyarənin rabitə vasitələrinin nasazlığı ilə bağlı olub.
İkinci arayışda isə hadisənin baş verməsi səbəbləri tam fərqli göstərilib. Dispetçerin eniş təsdiqi ilə bağlı səs yazısı, qəza baş verən zaman hava şəraitinin eniş üçün tam məqbul olması ilə bağlı müvafiq qurumlardan arayış da təqdim edilməklə, diqqətə çatdırılıb ki, qəzanın səbəbi nə hava şəraiti, nə də texniki nasazlıqdır. 
Xruşşovun təkidi ilə komissiyanın tərkibi dəyişdirilərək yenidən araşdırmalar başlanıb. Növbəti araşdırmalar zamanı məlum olub ki, təyyarəyə 19 bilet satılıb. Bununla da aydın olub ki, 20-ci sərnişin təyyarədə biletsiz olub. Həmin şübhəli şəxsin kimliyi araşdırılıb. 
Belə bir versiya irəli sürülüb ki, həmin şəxs təyyarə heyətinə silahlı hücum edib. Amma ekipaj komandirinin silahındakı bütün güllələrin yerində olması, əl izlərinə görə son saatlarda ondan istifadə etməyə cəhd göstərməməsi bu versiyanın üstündən xətt çəkib.
Ekspertiza zamanı ekipaj komandiri İvan Mandrıkinin sol ayağında 5 sm dərinliyində yara aşkar edilib. Əvvəlcə elə düşünülüb ki, yara qəzadan sonra baş vermiş yanğın nəticəsində yaranıb. 
Parçalanmış təyyarənin qalıqları da Moskvada xüsusi ekspertizaya verilib. Bir neçə həftə çəkən ekspertizanın nəticəsində yeni detallar üzə çıxıb. Belə ki, pilotların idarəetmə kabinəsinin aşağı hissəsində 10-35 mm diametrində dəliklər aşkar olunub.
Bu müəmmalardan sonra komissiya növbəti qərarını verib, təyyarənin ekipaj komandiri Mandrıkinin eksumasiyası (meyitin basdırıldığı yerdən çıxarılması) üçün müvafiq qurumlardan icazə istəyiblər. 1959-cu ilin aprel ayında Mandrıkin eksumasiya olunub və ekspertizaya göndərilib. Ekspertiza nəticəsində Mandrıkinin sağ ayağındakı yara yerində qəlpələr aşkar edilib.
Bununla da komissiya son qənaətə gəlib - təyyarəyə eniş zamanı yerdən atəş açılıb. Xruşşovun göstərişi ilə komissiyanın arayışı Dövlət Təhlükəsizlik Komitəsinə göndərilib.
DTK tərəfindən Stalinqrad aeroportunun bütün kollektivi yoxlanılıb, sorğu-suala tutulub, daha sonra aeroportun və qəzanın baş verdiyi ərazinin ətrafı öyrənilib. Ətrafda kiçik bir kəndin əhalisi də son nəfərinədək dindirilib. Şübhəli heç bir şey qeydə alınmayıb.
Sonda hava limanından 4-5 km aralıda yerləşən hərbi hissə yoxlanılıb. Məlum olub ki, qəza zamanı hərbi hissədə bir həftəlik təlimlər keçirilib. Hərbi hissənin əməliyyat kitabına baxış keçirərkən, o da məlum olub ki, yanvarın 18-də 00.00-dan başlayan gecə təlimində havaya müxtəlif silahlardan atəş açılıb. Növbəti ekspertiza zamanı da bu fakt öz təsdiqini tapıb.
Bütün bu təsdiqini tapmış faktlardan sonra hərbi hissənin rəhbərliyi xidməti uyğunsuzluq maddəsi ilə vəzifələrindən azad olunublar. Azərbaycana məxsus və tam yarasız vəziyyətə düşmüş təyyarə isə Xruşşovun göstərişi ilə yenisi ilə əvəz olunub.
İlham Cəmiloğlu, Musavat.com 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top