Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib

ANALİTİKA 29 mar 2024, 13:54 204

Sövet dövrünün ən ziddiyyətli siyasi simalarından biri olan Lavrenti Beriyanın doğulmasından 125 il ötür. Adam özü 71 ildir həyatda yoxdur. Onu 1953-cü ildə, 54 yaşında güllələyiblər.

Beriyanın şəxsiyyəti və siyasi personası ilə bağlı tarixçilər arasında iki əsas rəy var. Bir qrup onun kəşfiyyat işinin uğurlu təşkilində və atom layihəsində xidmətini müsbət ştrix kimi qeyd edirlər, Stalinin əleyhdarları isə Beriyanı cəllad və cəhənnəm mələyi sayırlar.

29 mart 1899-cu ildə Gürcüstanın Kutaisi quberniyasında doğulmuş Lavrenti Beriya 1938-ci ildə NKVD-yə rəhbərlik edərkən əsas siyasi liqaya daxil olub. O, bu vəzifədə “Böyük terror”un müəlliflərindən biri olan Nikolay Yejovu əvəz edib. Beriyanın gəlişindən sonra repressiya dalğası səngisə də, o, özü də böyük humanist olmayıb, onun rəhbərliyi altında NKVD Katında minlərlə polşalı əsir zabiti güllələyib, repressiyaya məruz qalmış xalqlar (Şimali Qafqaz xalqları, Krım və Mesxeti türkləri, kürdlər) Mərkəzi Asiyaya sürgün edilib.

Onun başqa ölkələrdə formalaşdırdığı casus şəbəkəsinin II dünya müharibəsi illərində SSRİ-yə böyük faydası olub.

Müharibə başa çatdıqdan sonra Beriya NKVD-ni müavini Sergey Kruqlova həvalə edərək (təbii ki, Stalinin “tövsiyə”si ilə) Nazirlər Soveti sədrinin müavini postunu tutub və özünü atom bombasının yaradılmasına həsr edib.

1949-cu ildə bu layihə uğur qazanıb və Beriya, əslində, ölkədə ikinci şəxs olub. Ona görə də, Stalin 1953-cü ilin martında öləndə Beriya qeyri-rəsmi olaraq onun varisi və SSRİ-ni idarə edən qrupun faktiki olaraq 1-ci şəxsi olub. (Rəsmi olaraq o, yalnız DİN rəhbəri idi).

Belə bir rəy də var ki, Beriyanın Stalinin ölümündə əli olub, o, həkimlərin insultdan iflic olmuş liderə yardım göstərməsinə imkan verməyib.

Ancaq Beriyanın hakimiyyəti qısa çəkib, həmin ilin iyununda o, Nikita Xruşşovun başçılıq etdiyi qrup tərəfindən həbs edilib.

Bununla belə, sonradan Xruşovun adına çıxılan “mülayimləşmə” siyasətinin təşəbbüskarı Beriyadır. Məhz o, Stalinin ölümündən günlər sonra “həkimlərin işi” adlı yeni repressiya dalğası vəd edən kampaniyanı dayandırıb, həbs düşərgələrindən bir milyondan çox insanı azad edib, müttəhimlərə və məhbuslara işgəncə verilməsini yasaqlayıb və s.
Tarixçilərin müxtəlif sənədlər əsasında irəli sürdüyü mülahizələrə görə, Beriyanın SSRİ-nin gələcəyinə dair çoxşaxəli planları olub.

O, partiya orqanlarının dövlət orqanları ilə birləşməsini ləğv etmək niyyətində imiş. Beriya dövlət idarəçiliyinin Nazirlər Şurasının əlinə keçməsini, kompartiyanın isə kadr məsələləri və cəmiyyətdə kommunist ideyalarının təbliği ilə məşğul olmalı olduğunu düşünürmüş. İlk “islahat” olaraq o, 1 May nümayişində sovet liderlərinin portretlərini daşımağı qadağan edib.

Belə bir qənaət də var ki, Beriya dövlətin bütün resurslarının bir liderin əlində cəmləşdirilməsini yanlış sayıb, SSRİ Daxili İşlər Nazirliyinin tərkibindən çoxsaylı tikinti və sənaye idarələrini çıxarıb. Bundan başqa, onun göstərişi ilə “kommunizmin böyük tikinti layihələri” dayandırılıb: Amudərya çayından Türkmənistana çəkiləcək suvarma kanalı, Saxalinə tunel, Murmanskdan Çukotkaya transpolyar magistral və bir çox başqa layihələr.

Beriyanın əsas ideyalarından biri müttəfiq respublikalara daha çox səlahiyyətlər vermək olub. Onun planına görə, respublikanın güc strukturlarında yalnız yerli millətdən olan şəxslər xidmət etməli idi: Rusiyada ruslar, Gürcüstanda gürcülər, Azərbaycanda türklər, Özbəkistanda özbəklər və s. Ancaq bu ideya SSRİ rəhbərliyindəki rusların xoşuna gəlməyib, onlar müttəfiq respublikalarda əsas rəhbər vəzifələrdə rus millətindən olan şəxslərin yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.
1953-cü ilin mayında Beriya Latviya, Litva, Belarusiya və Ukraynanın yerli DİN-lərinin rəhbərliyini bu prinsipə uyğun olaraq dəyişdirmək barədə əmri verib. Eyni siyasət dövlət idarəçliyinin bütün sahələrində nəzərdə tutulub. Xruşov bu fikirləri Stalinin varisinin vəzifədən uzaqlaşdırılmasının əsas səbəblərindən biri kimi göstərib.

Beriya Qərb ölkələri ilə barışıq yolunda radikal addımlar planlaşdırıb. Onların əksəriyyəti haqqında etibarlı məlumat yoxdur, lakin onun Almaniya Demokratik Respublikasında iqtisadi vəziyyəti düzəltmək üçün bir sıra addımlar təklif etdiyi məlumdur. Bu təkliflərdən biri ADR-də sosializm quruculuğu və kəndlərdə kolxozlar yaratmaq kursundan imtina etmək olub. O, perspektivdə ADR-in tamamilə Qərbi Almaniyaya birləşməsini nəzərdə tutub, barışıq naminə Köniqsberqi Almaniyaya, Cənubi Kuril adalarını Yaponiyaya, Kareliyanın 1939-1940-cı illərdə işğal edilən hissəsini Finlandiyaya verməyi düzgün sayıb.

Onu həm də belə ideyalarının üstündə aşırıblar və Lenin-Stalin kursunu davam etdiriblər. Beriya aydın başa düşüb ki, totalitar rejimli ölkədə ciddi siyasi, iqtisadi islahatlar olmasa, hərtərəfli inkişaf mümkün olmayacaq.

Ancaq 26 iyun 1953-cü ildə Xruşovun təşəbbüsü ilə Beriya həbs olunub. Ona qarşı bir sıra ittihamlarla yanaşı Azərbaycanda Müsavat hökumətinin agenti olmasına dair də ittiham irəli sürülüb.

Araz Altaylı, Musavat.com

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top