Müdafiə Nazirliyindəki oğurluq sxemi - Məhkəmədə şok faktlar açıqlandı

KRİMİNAL 16 mar 2024, 21:54 273

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Nizami Məmmədovla birgə müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

Musavat.com xəbər verir ki, hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Sonuncu prosesdə şahid qismində Murad İmanov ifadə verib.

Hazırda özəl sektorda çalışan şahid ordu sıralarından tərxis edilib:

“Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidməti rəisi vəzifəsində çalışmışam. İşlədiyim dövrdə bəzi maliyyə pozuntularına yol vermişik. Bizi heç kim heç nəyə məcbur etməyib. İdarə rəisimiz Nizami Məmmədovun bu məsələdən xəbərinin olub-olmadığını bilmirəm. Artıq yazılan vəsaitlərin 20 faizini maliyyələşməyə, 30 faizini təftişə, 10 faizini də Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmət rəisinə vermişəm. Yerdə qalan 40 faiz isə mənə qalıb.

Ümumilikdə işlədiyim hərbi hissələrdə 265 min manat mənimsəmə olub. O puldan 130 min manat mənə çatıb. Dəymiş zərərdən hələ heç nə ödəməmişəm. Amma yaxın zamanlarda dəymiş ziyanı ödəyəcəm”.

Prokuror Fuad Musayevin suallarına cavab verən şahid deyib ki, əvvəl onun rəisi Emin Poladov, daha sonra isə Vüsal Əlizadə olub:

“Təftiş və maliyyələşmə üçün ayrılan pulu rəislərimə çatdırırdım, onlar özləri aidiyyəti adamlara verirdilər. Çalışdığım müddət 15-16 nəfərin adına “ölü kart”lar açılıb. Həmin kartlardan gələn pulları korporativ kartıma köçürmüşəm”.

Daha sonra şahid qismində Vüqar Qurbanov ifadə verib.

O bildirib ki, işlədiyi hərbi hissədə 92 min manat mənimsəmə faktı qeydə alınıb və ona 59 min manat pul çatıb: “İstintaq dövrü verdiyim ifadələri təsdiqləyirəm. Hamı kimi biz də bu cür işləmişik. Hazırda ordudan tərxis olunmuşam. Mənə çatan puldan 25 min manatını zərər kimi ödəmişəm, qalan pulu da ödəyəcəyəm”.

Digər şahid Elxan Yusubov qeyd edib ki, iki hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb:

“Çox qısa bir dövr bu sistemlə çalışmışam. İş üzrə mənə çatan 17 min manat olub, onu da istintaq dövründə geri qaytarmışam”.

Təyyar İmanov ifadəsində iki hərbi hissədə maliyyə xidmətinin rəisi olan zaman maliyyə pozuntularına yol verildiyini bildirib:

“Birinci hərbi hissədə aparılan təftişlər nəticəsində 835 min manat, ikinci hərbi hissədə aparılan yoxlamalar zamanı isə 930 min manat mənimsəmə aşkar edilib. O məbləğlərdən maliyyələşmə və təftişin pullarını rəhbərlik rəisim Rövşən Əliyevə vermişəm. İki hərbi hissədən ümumilikdə 500 min manata yaxın pul mənə çatıb. Hələ ki dəymiş ziyandan ödəyə bilməmişəm. Lakin evimi satışa qoymuşam, yaxın günlərdə ödəyəcəm”.

Bu zaman təqsirləndirilən Cəlal Kazımov replika ilə çıxış edərək şahidin düzgün danışmadığını bildirib: “İkinci yoxlama zamanı Rövşən Əliyev dünyasını dəyişmişdi. Yəqin sən ölülərə xüsusi kanal tapıb, pul göndərmisən”.

Şahid isə ikinci yoxlama zamanı Rövşən Əliyevin olmadığını təsdiq edib.

Təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə hərbi hissələrin maliyyə xidmət rəislərini dövlətə vurulan ziyanı ödəməyə çağırıb: “Artıq 3 ilə yaxındır bu cinayət işi üzrə tutulanlar var. Siz öz vurduğunuz ziyanı ödəməlisiniz ki, burada həbsdə olan şəxslərə də kömək olsun. Çünki hər bir mənimsəmə epizodu üzrə müvəkkilim barəsində ittiham verilib”.

Hərbi Hava Qüvvələrində maliyyə xidmətinin rəisinin köməkçisi olmuş Fərid Quliyev bildirib ki, təqsirləndirilənlərdən Cəlal Kazımov onun rəisi olub:

“Köməkçi kimi Hərbi Hava Qüvvələrində iki rəislə çalışmışam. Onlardan biri Cəlal Kazımov olub. Rəis görülən işlərdən mənə faiz verib. Ümumilikdə maliyyə pozuntuları ilə bağlı mənə 122 min manat pul çatıb. Onu da istintaq dövründə dövlət büdcəsinə geri qaytarmışam”.

Məhkəmədə Quru Qoşunların maliyyə idarəsi rəisinin köməkçisi işləmiş Elmin Bəyəndikli də ifadə verib.

O, ifadəsində maliyyə pozuntularından danışıb: “Smeta üzrə ödənişlərin hamısı mənim kartım vasitəsilə çıxarılıb. Dəfələrlə rəislə bu barədə problemlərimiz olub. Görülən işlərə etiraz edirdim. Mən burada işləmək istəmədiyimi ona da bildirmişəm. Bütün əməliyyatların icrası ilə bağlı rəisin tapşırıqlarını icra etmişəm. Nə qədər pulun mənimsənildiyindən xəbərim olmayıb. Hər ay rəis əlavə olaraq mənə 1000-1500 manat pul verib. Ümumi olaraq istintaq dövründə 30-35 min manat zərər vurduğum hesablanıb. Həmin məbləği də dövlət büdcəsinə qaytarmışam”.

Bu zaman təqsirləndirilən Bayram Bayramov şahidin ifadəsinə etiraz edib:

“Bu adam ağ yalan danışır. Aylıq hər köməkçimə 5 min manat vermişəm. Bu, ona da razı olmurdu. Bunu Rəfail Xələfov da yaxşı bilirdi. Bütün pullar Eminin adına gəlirdi deyə, sonradan faizlə işləməyə başladı. Qalan pulun 10 faizi Eminə çatıb. Burada gözünün içinə qədər yalan danışır. Emin məndən qabaq Süleyman Abbasovla leytenantlıqdan işləyib. Onun da istintaqda üzünə durdu ki, pul verməyib. Halbuki Süleyman hara gedirdi bunu özü ilə aparırdı”.

Elmin Bəyəndikli isə keçmiş rəisinin dediklərinin doğru olmadığını qeyd edib:

“Mənə o boyda pul verilməyib, hətta elə olub ki, cibimdən bəzi xərcləri ödəmişəm”.

Bayram Bayramov isə şahidin dövlətə vurduğu ziyanı tam ödəməyə çağırıb: “Mən öz üzərimə düşəni ödəməliyəm, siz də öz üzərinizə düşəni. Necə olur ki, o biri köməkçi hər ay 5 min manat aldığını deyir, ona pul vermişəm, sənə yox?”

Daha sonra prosesdə digər hərbi hissələrdə maliyyə xidmətlərinin rəisləri işləmiş bir neçə şəxs dindirilib. Onlar da özləri tərəfindən dövlətə vurulmuş ziyanı yaxın zamanlarda tam ödəyəcəklərinə söz veriblər.

Növbəti proses aprelin 5-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Musavat.com

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top