“Fitch” Azərbaycan iqtisadiyyatının ən zəif yerlərini göstərdi

İQTİSADİYYAT 23 fev 2024, 09:16 78

Ekspert: ""Fitch" öz müştərilərinə münasibətdə daha ehtiyatlı yanaşma nümayiş etdirməyə çalışır"

Tanınmış beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyutada defolt reytinqini dəyişməyərək “BB+” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz da müsbət olaraq saxlanıb.

“BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Məlumat üçün bildirək ki, “BB” kredit reytinqi korporasiya və ya hökumət kimi istiqraz emitentinin (istiqraz buraxaraq borc alan) kredit (borc) qaytarma qabiliyyətini və onun istiqrazları üzrə defolt (müflisləşmə) ehtimalını göstərmək üçün “Standard & Poor’s” və “Fitch” kredit agentlikləri tərəfindən müəyyən edilmiş səviyyədir.

“Fitch” Zəif Siyasət Çərçivəsi yarımbaşlığı altında qeyd edib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir, valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün alətlər tətbiq edir. Pul siyasəti - inkişaf etməmiş kapital bazarları, həddindən artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və hələ də nisbətən yüksək maliyyə dollarlaşması ilə məhdudlaşır.

“Fitch” hesab edirik ki, hakimiyyət orqanlarının ortamüddətli perspektivdə daha çox çevikliyə icazə vermək məqsədini bəyan etməsinə baxmayaraq, ABŞ dolları/Manat məzənnəsinin sabit saxlanması üçün hələ də güclü siyasi prioritet var.

Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və qlobal ərzaq qiymətlərinin aşağı düşməsi sayəsində 2023-cü ildə orta inflyasiya 9 faizə düşüb: “2024-cü ildə inflyasiyanın 4,5 faizə qədər daha da azalacağını proqnozlaşdırırıq”.

Agentlik bu il Azərbaycanda iqtisadi artımın 2,8 faizə (2023-cü ildə 1,1 faiz olub) yüksələcəyini proqnozlaşdırıb: “Biz artımın 2025-ci ildə 2,5 faizə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər”.

Bununla belə, “Fitch” həmçinin Azərbaycanın karbohidrogen sektorundan ağır asılılığının davam etməsi, idarəetmənin zəif tərəfləri və nəzərə alınmalı olan digər amillər də daxil olmaqla müəyyən zəifliklərə işarə edir.

Müsbət proqnoz büdcədən daha yüksək enerji qiymətləri və gücləndirilmiş xərclərin qarşısının alınması səyləri ilə dəstəklənən xarici və fiskal ehtiyatlarda əlverişli  əks tendensiyaları etdirir.

“Fitch” analitikləri proqnozlaşdırırlar ki, yüksək enerji qiymətləri Azərbaycanın suveren balansını gücləndirəcək, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 14,8 faizinə çataraq “BB” kateqoriyalı ölkələr arasında ən yüksək səviyyədə qalacaq. Neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, suveren valyuta aktivləri 2023-cü ildə əsasən Dövlət Neft Fondunun (ARDNF) hesabına 69,8 milyard dollara yüksəlib. 2023-cü ildə ÜDM-in 67 faizi həcmində qiymətləndirilən Azərbaycanın xalis suveren aktivləri mövqeyinin 2024-25-ci illər ərzində sabit qalacağı və ölkəni bu göstərici üzrə eyni statusda olan ölkələr arasında əlverişli mövqe tutacağı gözlənilir.

Üstəlik, “Fitch” Qarabağda yenidənqurma xərclərinin artmasına baxmayaraq, neft qiymətlərinin yüksəlməsini və qeyri-neft gəlirlərinin artmasının icmal büdcənin profisitini dəstəkləyəcəyini gözləyir. Hesabatda qeyd olunur ki, Azərbaycan Qarabağla bağlı öhdəlikləri və müdafiə xərclərini ödəmək üçün qeyri-neft kəsirinin azaldılması hədəfinin icra müddətini 2027-ci ilə qədər uzadıb.

Agentliyə görə, 2023-cü ildə Azərbaycanın ÜDM-in 21,8 faizi qədər olan dövlət borcu 2024-25-ci illərdə ÜDM-in orta hesabla 21,6 faizini təşkil edəcək. Bu göstərici üzrə Azərbaycan “BB” ölkələri arasında ən əlverişli mövqeli ölkə statusunu qoruyub saxlayır.

“Fitch” Azərbaycanın bank sektorunda yaxşılaşmaları etiraf edir: problemli kreditlər 2023-cü ilin sonunda 1.8 faiz olmaqla rekord aşağı səviyyəyə düşüb, kapitallaşma səviyyəsi isə adekvat olaraq qalıb. Əmanətlərin və valyuta kreditlərinin dollarlaşmasının azalması da bank sektorunda stabilləşməni əks etdirir: “Azərbaycan banklarının kapitallaşması azalıb, lakin adekvatlıq əmsalına uyğun səviyyədə qalır: sektorun 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 2023-cü ilin sonunda 13,5  faiz (2022-ci ilin sonunda 15,2 faiz) təşkil edib. Depozit bazasında cari hesabların üstünlük təşkil etməsi səbəbindən aktivlərin yüksək gəliliyi və orta maliyyələşdirmə dəyəri ilə dəstəklənən sektorun mənfəətliyi güclü olaraq qalıb. 2023-cü ildə əmanətlərin dollarlaşması 40 faizdən aşağı düşərək, tarixi orta göstəriciyə - 35 faizə yaxınlaşıb”.

Bunlara baxmayaraq, "Fitch"ə görə, Azərbaycanın bank sektoru zəif olaraq qalır: agentlik “Banking System Indicator”da bank sektorunu “b” reytinqi ilə qiymətləndirib.

“Fitch” reytinqin aşağı salınmasına səbəb ola biləcək potensial amillər kimi aşağı enerji qiymətlərini və xarici ehtiyatları tükəndirə biləcək iqtisadi siyasətdə dəyişiklikləri göstərir. Əksinə, xarici tarazlığın davamlı olaraq möhkəmlənməsi və iqtisadi siyasətin effektivliyinin yüksəldilməsi Azərbaycanın kredit reytinqinin artmasına səbəb ola bilər ki, bu da ölkənin yaxın gələcəkdə iqtisadi perspektivləri ilə bağlı nikbinliyin göstəricisidir.

Qeyd edək ki, “Fitch” keçən il də Azərbaycanın uzunmüddətli xarici valyutada defolt reytinqini “BB+” səviyyəsində qiymətləndirmişdi. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də 2023-cü ildə Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində saxlayıb. Agentlik bəyan etmişdi ki, “sabit” proqnoz neft hasilatının proqnozlaşdırılan ortamüddətli azalmasına baxmayaraq, 2024-cü ildə əlverişli karbohidrogen qiymətlərinin Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntiləri əks etdirir: “Azərbaycan gözlədiyimizdən daha uzun müddət ərzində daha yüksək xarici profisit saxlayarsa, bu, xarici aktivlərin əhəmiyyətli dərəcədə əlavə yığılmasına səbəb olarsa, biz yüksəlişi nəzərdən keçirə bilərik. Hökumət bəzi struktur maneələri, o cümlədən iqtisadiyyatın və pul siyasətinin effektivliyinə dair məhdudiyyətləri aradan qaldırmaq üçün islahatlar keçirsə, reytinqlər də yüksələ bilər”.

Bu qiymətləndirmələr Azərbaycan Maliyyə Nazirliyinin narazılığına səbəb olmuşdu. Nazirlik həm “Fitch”, həm də “Standard and Poor’s” (“S&P”) agentliyinin ölkəmizə münasibətdə xəsis davrandığını bəyan edib: ""Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb".

Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab etdiyini açıqlayıb.

“Fitch”in builki reytinqi hazırlayarkən Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərini alıb-almadığı açıqlanmır. Lakin Maliyyə Nazirliyinin etiraz bildirməməsi belə şərhlərin alınmış olduğu ehtimalını gücləndirir. 

Rəşad Həsənov

İqtisadsçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, beynəlxalq reytinq agentlikləri qiymətləndirmələri öz metodologiyaları əsasında aparırlar: “Eləcə də "Fitch"in öz qiymətləndirmə metodologiyası var. Bu metodologiya Azərbaycan hökumətinin müsbət amil kimi qiymətləndirdiyi bir göstəricini fərqli qiymətləndirə bilər. Doğrudur, Azərbaycanın xarici borcunun ümumi daxili məhsulda payı kiçikdir, strateji valyuta ehtiyatları davamlı olaraq artır. Lakin onu da nəzərə almaq lazımdır ki, faktiki olaraq, ölkə iqtisadiyyatının, o cümlədən valyuta ehtiyatlarının toplanması prosesinin enerjidən asılılıq səviyyəsi çox yüksək olaraq qalmaqda davam edir. Bu, Azərbaycan iqtisadiyyatı üçün bütün sahələrdə ən ciddi risklərdən biridir. Baxmayaraq ki, son vaxtlar sabitləşdirici meyllər, dayanıqlıq amillərində pozitiv dəyişikliklər, o cümlədən toksik aktivlərin həcminin azalması müşahidə olunur, bank sektorunun korporativ idarəetmə, aktivlərin strukturu, benefisiarların zəif şaxələnməsi kimi amillərdən qaynaqlanan zəif tərəfləri qalmaqdadır. Bu istiqamətlərdə hələlik risklər mövcuddur: istənilən daxili və xarici amillərin təsiri ilə bank sektoru kataklizmlərlə üzləşə bilər. Bu, agentliyin qiymətləndirmə zamanı nəzərə aldığı əsas amillərdən biridir".

Ekspert bildirir ki, Azərbaycanda ümumi daxili məhsulun artım sürəti aşağı olaraq qalmaqdadır: “İqtisadiyyatın böyümə tempi aşağıdır. Bu göstəriciyə görə Azərbaycan daxil olduğu inkişaf etməkdə olan ölkələr qrupunda ən aşağı yerlərdən birindədir. Bu da əlavə bir problemdir. Bundan əlavə, işğaldan azad olunan ərazilərin bərpası prosesi ilə bağlı böyük resurslara potensial ehtiyacların qarşılanması üçün idxalda gözlənilən kəskin artımlar uzunmüddətli dövrdə xarici borcların qaytarılması ilə bağlı riskləri artıran faktorlardır. Hələlik fiskal konsolidasiya istiqamətində ciddi addımlar atılmır. Zaman-zaman bununla bağlı vədlərin verilməsinə baxmayaraq, real addımların atılmaması gələcəkdə büdcənin zəruri xərclərinin payının nominal ifadədə kəskin yüksəlməsi də enerji qiymətlərindən yaranacaq şoklara münasibətdə dayanıqlığı zəiflədir. Bu, öz-özlüyündə gələcəkdə əlavə borclanma üçün risklər yaradır. Bütün bunlar ümumi qiymətləndirmədə nəzərə alınan amillərdəndir”. 

R.Həsənovun sözlərinə görə, indiki məqamda xarici şərtlər yalnız Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün əlverişli hesab olunmur: “Xarici konyuktur indiki şərtlər daxilində bütün dünya ölkələri üçün potensial təhlükələr sırasına daxildir. Bunları nəzərə aldıqda, düşünürəm ki, "Fitch" öz müştərilərinə münasibətdə daha ehtiyatlı yanaşma nümayiş etdirməyə çalışır".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top