"Erkən diaqnozun qoyulması çox əhəmiyyətlidir!"-Reabilitoloq Yaşar Bekirov (MÜSAHİBƏ)

MÜSAHİBƏ 03 iyl 2023, 16:39 507
Son illərdə böyüklərlə yanaşı, məktəbli uşaqlarda da onurğanın əyilməsi çox geniş yayılıb. Buna səbəb kimi valideylər məktəbli çantalarının ağır olmasını, qidaların sağlam olmamasını göstərirlər.  
Bəs görəsən, bu gün uşaqların əksəriyyətində skolioz xəstəliyinin olmasının əsas səbəbi nədir? 
Oxucuları  maraqlandıran bu və digər sualları  Sosial.TV-yə  UNİTY CENTR-Uşaq sağlamlıq və Nitq İnkişaf mərkəzinin Reabilitoloqu  Yaşar Bekirov cavablandırıb:
-Salam Yaşar bəy "Etibarlı Əllər" layihəsi olaraq bu dəfə yolumuzu Unity Center mərkəzinə saldıq. Bizi və oxucularımızı maraqlandıran bir sıra sualların cavabını sizdən almaq istərdik. Apardığımız sorğu əsasında qısa müddətdə böyük uğurlarınız olduğunu, apardığınız müalicələrin yüksək nəticələrlə bitdiyini öyrəndik. Və bir daha əmin olduq ki, heç bir xəstəlik peşəkar həkimlərimizdən güclü deyil. Yalnız vaxtında müraciət olunarsa düzdürmü?
-Salam. Təşəkkür edirəm. Bəli əlbəttə. Erkən diaqnozun qoyulması çox əhəmiyyətlidir.
-Yaşar bəy insanlarımızı çox narahat edən, son zamanlar daha çox məktəblilər arasında geniş yayılan "SKOLIOZ" nədir? Əlamətləri nələrdir?


-Skolioz dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Normal halda əgər biz onurğaya arxadan baxsaq yuxarıdan-aşağıya düz bir xətt şəklində görərik. Skolyozda isə fəqərələr həm sağa və ya sola doğru yer dəyişdirir, həmdə öz oxları ətrafında rotasiya dediyimiz dönmə hərəkəti baş verir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edə bilirik
Skoliozun əlamətləri  onurğadakı əyriliyin dərəcəsinə görə dəyişə bilər. Amma ümumi olaraq aşağıdakı simptomları sadalamaq olar:

    •    Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq (asimmetriya)
    •    Bədənin sağ və ya sol tərəfə əyilməsi
    •    Kürək sümüklərinin hündürlük fərqinin olması
    •    Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
    •    Döş qəfəsində asimmetriya
    •    Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması

     Daha ciddi əyriliklərdə :

    •    Bel və kürəkdə ağrı
    •    Ayaqlarda ağrı, uyuşma və zəiflik
    •    Nəfəs almada çətinlik
    •    Halsızlıq və tez yorulma

- Müalicəsi necə aparılır?
-Xəstəliyin müalicəsi əyriliyin dərəcəsi, skoliozun növü və sümük böyüməsinin mərhələsi kimi amillərə əsasən dəyişir. Müalicədəki əsas məqsəd əyriliyin irəliləməsinin qarşısını almaq, onurğa sütununun hərəkətliliyini qorumaq, kosmetik pozulmalara nəzarət etmək və əməliyyatın qarşısını almaqdır. Konservativ (fizyoterapiya, korset və s.) və Cərrahi üsulla müalicə olunur.
Konservativ üsulların uğursuz olduğu, irəliləmə riski yüksək olan şəxslərdə ( Cobb bucağı 40 dərəcədən yuxarı olduqda) cərrahi müalicə tətbiq edilir. 
-Skoliozda cərrahi müalicə yoluna getməmək üçün hansı  tədbirlər görülməlidir və hansı müalicəyə önəm verilməlidir?
-Dərəcəsi yüngül olan və yaranma mənşəyi bilinməyən idiopatik skoliozlu  xəstələrdə  ilkin müalicə metodu müşahidədir. Xəstəyə 4-6 ay ərzində kontrol müayinəyə gəlmək məsləhət görülür. Orta dərəcəli skoliozlarda individual korset, fizioterapiya və idman hərəkətləri məsləhət görülür.
-Hansı yaş aralığında bu problemlərə daha çox rast gəlinir?
-Skolioz hər yaşda olan fərdlərdə görülə bilsə də, daha çox uşaqların sürətli böyümə (yetkinlik) dövrü olan yeniyetməlik dövründə olur.Qızlarda 11-18, oğlanlarda isə 13-18 yaş arasında baş verir.


- Skoliozun hansı növləri var?
-Skoliozun təxminən 80 %-də hər hansı bir səbəb təyin edilə bilmir (idiopatik skolioz). Doğuş qüsurları, nevroloji anormallıqlar və genetik qüsurlar skoliozda müəyyənləşdirilən ümumi səbəblər kimi göstərilə bilər.

Skoliozun İdiopatik, degenerativ, anadangəlmə, sinir-əzələ xəstəlikləri, torakogen və sindromik kimi müxtəlif növləri vardır.
Ən çox rast gəlinən idiopatik skolioz, bütün skolioz hallarının 75-80% -ni təşkil edir. Bu tip skolioz erkən yaşlarda başlamağına baxmayaraq ağrı və digər gözlə görülən əlamətlər olmur. Lakin yaş artdıqca və böyümə davam etdikcə onurğa əyriliyi müxtəlif problemlər yarada, eyni zamanda xəstədə ağrı şikayətləri başlaya bilər.

- Müsahibə üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. 
-Buyurun, xoşdur. "Etibarlı Əllər" layihəsi olaraq bizə etimadınıza görə biz təşəkkür edirik. Bəli "Unity Center"də sağlamlığınız Etibarlı Əllərdədir.  Unutmayın ki, Erkən diaqnozun qoyulması çox əhəmiyyətlidir, çünki müalicəyə erkən başlanılması nəticələrə müsbət təsir göstərir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top