Zəngəzur və Göyçə gölünün yarısı təhvil verilir: Sülh sənədinin detalları açıqlandı

MÜSAHİBƏ 26 fev 2024, 22:54 201
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Rusiya-Ermənistan gərginliyinin növbəti hərbi eskalasiya ilə yekunlaşacağı proqnozlaşdırılır. Bu qarşıdurma fonunda Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranması ehtimalı varmı?
- Bu gərginliklə bağlı fərqli yanaşmalar var. Əgər belə bir situasiya olsa, İran-Rusiya müstəvisində baş verəcək. Rusiya artıq Avropa ilə bu məsələdə hər hansı formada razılığa gəlib. Hər halda Avropa İttifaqının Ermənistanda olan “missiya"sı Fransanın təşəbbüsü ilə göndərilib. Onlar artıq bölgədədir. Bir ilə yaxındır ki, onlar rəsmi olmasa da, əməkdaşlıq edilir. Bu “missiya” Rusiya sərhədçiləri ilə əlaqə qurub. Çünki hansısa bölgələrə gedib-gəlmək üçün bu qaçılmaz bir haldır. Ona görə də, burada yeni bir şey yoxdur. Rusiya və Fransanın bu məsələdə maraqları üst-üstə düşür.
- Paris-Moskva əməkdaşlığı bu müstəvidə daha çox nəyə hesablanıb?
- Fransanın bu bölgədə ordusu yoxdur. Eyni zamanda Rusiya Ermənistanda fəaliyyət göstərən “missiya"nın beynəlxalq xarakterə malik olmasında maraqlıdır. Fransa da məhz buna razılıq verib. Emannuel Makron Qranada görüşündə də bu istiqamətdə bəyanat vermişdi. Makron xəritələrdən danışarkən deyirdi ki, keçmiş sovet ordusunun baş qərargahında olan xəritələr Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi üçün əsas kimi qəbul edilməlidir. Bu açıq şəkildə tərəflər arasında əməkdaşlığın olduğunu isbat edir.
- Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfi ilə yaxın vaxtlarda görüş olacağını açıqladı. Sülh müstəvisində uzun fasilədən sonra danışıqların effektivliyini necə dəyərləndirmək olar?
- Burada söhbət çərçivə sülh sazişindən gedir. Çünki yekun sülh sazişi hələ uzaqdadır. Çərçivə sülh sazişi fərqli bir sənəddir. Burada sadəcə olaraq prinsiplər bəyan olunacaq. Ona görə də bu sənədin imzalanması siyasi baxımından iki tərəf üçün sərfəli seçimdir.
- Sənədin imzalanmasına manə olan əsas problem nədən ibarətdir?
- İlkin razılığın əldə olunması üçün əslində heç bir problem yoxdur. Sadəcə olaraq Ermənistan bu sənəd vasitəsi ilə keçmiş sovet dövründə onlara verilən torpaqların öz əraziləri kimi təsbit olunmasına nail olsun.
- Rəsmi Bakı buna hansı halda razı ola bilər?
- Sözsüz ki, burada Azərbaycanın yanaşması fərqlidir. Prinsip olaraq dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır. Amma burada əsas amil ərazi bütövlüyünün müəyyən olunmasıdır. Sərhədlərin haradan keçməsi danışıqların sonrakı mövzusudur.
- Qarşı tərəfin bu mövqeyindən çəkilməsi gözlənilirmi?
- Ermənistanın bu mövqedən çəkilməsi istisna edilmir. Prinsip olaraq bu təsbit olunub. Ona görə də, burada ciddi problemlər yoxdur.
- Çərçivə və yaxud yekun sülh sənədi anlayışı ilə bağlı fərqli yanaşmalar var. Bunları fərqləndirən cəhət nədən ibarətdir?
- Əslində çərçivə sülh sənədinin xüsusiyyəti başqadır. İlk dəfə elə Nikol Paşinyan çərçivə sülh sazişinin imzalanmasını təklif etmişdi. O çalışırdı ki, burada hansısa ərazilərlə bağlı kv km-lər, hansısa ilin xəritələri qeyd olunsun. Ermənistanın mövqeyi məhz bundan ibarət idi.
- Azərbaycanın çərçivə sülh sənədinə yanaşması necədir? Bu Bakı üçün nə dərəcədə sərfəli gedişdir?
Prinsip olaraq ərtazi bütövlüyünün tanınması mümkündür. Amma sərhəddin konkret haradan keçəcəyi, neçə kv km olacağı, Zəngəzurun, Göyçə gölünün yarısının kimə məxsus olması məsələsi tam aydınlaşmalıdır. Bunun üçün danışıqlar olmalıdır. Bolşevik-Rusiyası tərəfindən ərazilər işğal olunan vaxtı Ermənistanın ərazisi indiki vəziyyətindən ən azı 3 dəfə kiçik idi. Bu tarixi reallıqları diqqətdən kənar saxlamaq olmaz.

Teleqraf.com

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top