Ordu generalının Butırka türməsindəki etirafları

LAYİHƏ 10 apr 2024, 15:08 1467

Lavrenti Beriyanın həbs xəbərini eşidəndə onun ilk reaksiyası belə olub: “Mən memuarlarımı yaza bilməyəcəm. Məni həbs edəcəklər, bax, elə indi qapı döyüləcək, məni aparacaqlar...”

Əslində, Vsevolod Merkulov hələ illər öncə, Beriyanın fəaliyyəti ilə yaxından tanış olduqca anlayıb ki, bu işlərin sonu yaxşılıqla nəticələnməyəcək. Amma geriyə çəkilmək, ona olunan təkliflərdən imtina etmək gücündə də olmayıb. Hərbi xidmətə yarasız olduğuna görə ordudan yarımçıq tərxis olunan, Tiflisdə anasının direktor olduğu korlar məktəbində olduqca kiçik əmək haqqına işləyən Merkulov sözsüz ki, ordu generalı rütbəsinə, nazir vəzifəsinə aparan yollardan imtina edə bilməzdi.

1895-ci ildə Zaqatalada anadan olan Merkulov 8 yaşında olarkən ailəsi Tiflisə köçüb. Onun atası Çar ordusunda kapitan rütbəsində xidmət edib. Merkulov Tiflisdə gimnaziyanı qızıl medalla bitirib. Hələ yeniyetməlik illərindən yaradıcılığa böyük maraq göstərib, məqalə və hekayələri mətbuatda çap olunub. Bəlkə də o, yaradıcılıq yolunu davam etdirsəydi, dövrünün tanınmış yazıçılarından, ssenaristlərindən, mətbuatın aparıcı imza sahiblərindən biri olardı. Ancaq o, bu yolu getməyib, Lavrenti Beriya onu bu arzusundan çəkindirərək “NKVD”-yə sürükləyib və həm də məşhurlaşdırıb.

Merkulovun mütəmadi olaraq çap olunan yazıları həmin dövrdə Gürcüstanda işləyən Beriyanın diqqətindən yayınmayıb. Yazı-pozu işində naşı olan, rus dilini mükəmməl bilməyən Beriya Merkulovu “ÇK”-da işləməyə dəvət edib. İşə sıravi kargüzarlıqdan başlayan Merkulov qısa müddət ərzində sürətlə irəliləyib, aparıcı şöbələrə başçılıq edib və nəhayət, Qafqaza və Gürcüstana rəhbərlik edən Beriyanın köməkçisi olub.

Beriya Moskvada “NKVD” başçısının kürsüsünə sahib olduqdan sonra Merkulovu da bu sistemdə işləməyə dəvət edib. Tiflisdən çox könülsüz ayrılan Merkulovun gərgin “NKVD” həyatı da bu dəvətdən sonra başlayıb.

“NKVD” kimi bir qurumda 1-ci müavin işləmək Merkulov üçün bəlkə də ağılasığmaz bir vəzifə sayılıb. Repressiyaların tüğyan etdiyi bir vaxtda, Beriya kimi amansız bir insanın tabeliyində və bütün bunlarla yanaşı Stalin rejiminin sərt bir dövründə bu vəzifə Merkulovun yaradıcı və ziyalı xarakteri üçün yad və dözülməz olub. Bunu yüksəkçinlilər də yaxşı anlayıblar. Amma Merkulov savadlı olduğundan o, “NKVD” strukturunda ən bilikli kadr kimi qəbul olunub. Bütün məruzələr, çıxışlar, məktublar, kargüzarlıq işləri Merkulovun əlindən keçib. Buna görə də arabir sözarası Merkulova “ziyalı cəllad” da deyiblər. Beriya da tez-tez onu yumşaq xarakterli olmaqda qınayıb və ona və çox şeylər öyrədib. Merkulov bu haqda məhkəmədəki ifadəsində Beriyadan öyrəndiklərini etiraf edib:

“Vəzifəyə təyin olunduqdan sonra Beriya məni tez-tez kabinetinə çağırırdı. Bu əsasən onun təqsirləndirilən şəxslərdən ifadə aldığı vaxtlarda olurdu. Beriya işgəncə verməyi xoşlayırdı və bunu mənim yanımda daha yaxşı nümayiş etdirirdi ki, öyrənim. Sonra bu işgəncəni davam etdirməyi mənə həvalə edirdi. Əvvəllər bu cür halları ağır qarşılayırdım. Sonra düşündüm ki, rəhbərin tapşırığını yerinə yetirmək lazımdır...”

SSRİ-də Dövlət Təhlükəsizliyi Nazirliyi yaradılanda Merkulov bu qurumun ilk naziri olub. Bu təyinatda Beriyanın xüsusi rolu olsa da son qərarı Stalin verib. Merkulov isə Stalindən bu “xeyir-dua”nı gözləməyib. Oğlu bu haqda, ümumiyyətlə, Stalin-Merkulov münasibətləri haqqında mətbuata açıqlamasında bu təyinata da münasibət bildirib:

“Atamın Stalinlə münasibətləri çox da isti olmayıb. Ümumiyyətlə, atam Stalindən çox çəkinib və özünün də dəfələrlə dediyinə görə, Stalinlə münasibətlərin hansı səviyyədə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkib. Məhz elə yeni nazirliyə nazir vəzifəsinə təyin olunanda da atam Stalinin bu qərarına təəccüblənib...”

Merkulov 1946-cı ildə nazir vəzifəsindən uzaqlaşdırılıb. Əsas səbəb isə “Aviasiya işi” ilə bağlı olub. SSRİ hərbi hava qüvvələrində kütləvi repressiyanın düzgün olmadığını Merkulovun fəaliyyəti ilə bağlayıblar. Ancaq araşdırmaçıların qənaətinə görə, Merkulovu vəzifədən uzaqlaşdıran Abakumov olub. Versiyalara görə, sözün əsl mənasında cəllad olan Abakumov üçün “yumşaq” Merkulovu aradan götürmək o qədər də çətin olmayıb.

1946-cı ildən 1950-ci ilə qədər Xaricdə olan sovet əmlakı Baş idarəsində müxtəlif vəzifələrdə çalışan Merkulov Stalinin təşəbbüsü ilə yenidən nazir kürsüsünə əyləşib . Bu dəfə o, SSRİ Dövlət Nəzarəti Nazirliyinin rəhbərliyinə gətirilib.

Rejimin gərginliyinə, münasibətlərin mürəkkəbliyinə tab gətirməyən Merkulov iki dəfə infarkt keçirib. O, 1952-ci ildə səhhəti ilə bağlı uzunmüddətli məzuniyyətə çıxıb. Stalinin vəfatından sonra vəzifə bölgüsü aparılanda o, Beriyaya yenidən dövlət təhlükəsizliyi orqanlarında işləməsi üçün xahiş edib. Beriya bu xahişi nəzərə alacağını bildirib. Amma onun həbsi Merkulovun nəinki yeni vəzifəyə təyin olunmasını, özünün də həbsə atılması ilə nəticələnib.

18 sentyabr 1953-cü ildə Beriyanın işi ilə əlaqədar Merkulov da həbs olunub. O, Butırka türməsində təkadamlıq kamerada saxlanılıb. SSRİ prokurorluğu Merkulov haqqında dövlət əleyhinə fəaliyyətlə bağlı bir neçə ittiham irəli sürüb. Merkulov istintaqla əməkdaşlığa getsə də, özünü müdafiə etməyə çalışsa da üstündəki Beriya damğasını götürə bilməyib. O, Butırka türməsində həm özü, həm də Beriya ilə bağlı hər şeyi etiraf edib. Amma bu etiraflar heç bir nəticə verməyib. 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə Merkulov ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

İlham Cəmiloğlu, Musavat.com

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top