Brejnevin şəxsi qonağı olan amerikalı kommunistin həyat hekayəsi

LAYİHƏ 06 apr 2024, 13:46 247

Hazırda onun 80 yaşı var, Santa-Kruzedə Kaliforniya Universitetində çalışır. Vaxtilə Ağ Evin diqqət mərkəzində dayanan, Moskvada Leonid Brejnevin şəxsi qonağı olan Ancela Devis populyarlığını çoxdan itirib. Əslində onun məşhurlaşması SSRİ-nin ideoloji aparatının, təbliğat maşının süni məhsulu olub. Yəqin ki, sovet dövrünün 1970-ci illərini görənlər televizorda zavod və fabriklərdə qaldırılan “Anjela Devisə azadlıq” şüarının  görüntülərini yaxşı xatırlayırlar.

SSRİ-nin amerikalı qadın üçün bu canfəşanlığının maraqlı tərəfi ondan ibarətdir ki, Kreml nəyə görə sırf cinayət əməlinə görə həbs edilmiş Anjela Devisi müdafiə edib. Bəli, Ancela Devis 1970-ci ildə məhkəmə tərəfindən sübuta yetirilmiş cinayət əməlinə görə həbs edilib. Onun həbsində heç bir siyasi motiv olmayıb. Belə ki, həmin dövrdə hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Ancela Devis həmin ərəfədə San-Kventin həbsxanasında Corc Ceksonla tanış olub. İki dəfə məhkumluğu olan, üçüncü dəfə isə həbs olunaraq təcridxanada məhkəməsini gözləyən Corc Cekson polisə müqavimət, quldurluq maddələri ilə məhkum edilib. Türmədəki bir neçə görüşlərindən sonra Ancela Devislə Corc Cekson arasında aradakı dəmir barmaqlıqlara baxmayaraq sevgi münasibətləri yaranıb. 1970-ci ilin avqustun 7-də Corc Ceksonun məhkəməsi başlayıb. Məhkəmə zamanı Ceksonun qardaşı Conatan Cekson iki nəfərlə məhkəmə zalına daxil olublar. Proses başlananda Conatan Cekson tapança çıxararaq məhkəmənin iclasını dayandırıb, hakim və iki nəfər girov götürülüb. Polis baş verən insidentə müdaxilə edəndə Conatan Cekson, onunla zala daxil olanlardan biri və hakim Harold Heylin elə məhkəmə zalında açılan atəşlərin qurbanı olublar.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq zamanı məlum olub ki, Conatan Ceksonun istifadə etdiyi tapança rəsmi qeydiyyat sənədlərinə görə Ancela Devisə məxsusdur. Bununla da məlum olub ki, cinayət Ancela Devisin iştirakı ilə əvvəlcədən planlaşdırılıb.

Mövcud ABŞ qanunvericiliyinə görə cinayət törədilən zaman istifadə olunan silahın kimə məxsusluğu rəsmi sübuta yetirildikdə həmin şəxs birbaşa cinayət iştirakçılarından biri sayılıb. Sözsüz ki, hüquq müdafiəçisi olan Ancela Devis bu qanunlardan xəbərdar olub və o, cinayətdən yayınmaq üçün Nyu-Yorka qaçıb. İki aydan sonra Ancela Devis həbs olunub. Məhkəmə onun cinayətini sübut edib. Ancela Devis 18 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Göründüyü kimi, konkret bu hadisədə, Ancela Devisin həbs olunmasında heç bir siyasi məqsəd güdülməyib.  SSRİ-nin insan ölümü ilə nəticələnən cinayətin törədilməsində rolu olmuş bir şəxsi, Ancela Devisi müdafiə etməsi təəccüb doğuran və çox yersiz addım kimi qiymətləndirilib. Əgər Ancela Devisin həbs olunmasında siyasi motiv olsaydı, rəsmi Moskvanın bu cür canfəşanlığını anlamaq olardı.

Qeyd edək ki,  1944-cü ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatında anadan olan Ancela Devis orta məktəbdə əla qiymətlərlə oxuyub. Həmin ərəfədə qaradərililər üçün hər yerdə yaşıl işıq yanmasa da, Ancela Devisin yanacaqdoldurma məntəqəsinin sahibi olan atası qızının yüksək təhsil alması üçün bütün imkanlarından istifadə edib. Ancela Devis əvvəlcə Brendays Universitetində təhsil alıb, qruplarında cəmisi üç nəfər qaradərili tələbə olub. O, daha sonra təhsilini Fransa və Almaniyada davam etdirib.

Təhsilini başa vurduqdan sonra ABŞ-a qayıdan Ancela Devis Kommunist Partiyası sıralarına daxil olub və partiyanın ən fəal üzvlərindən birinə çevrilib.

Azadlığa çıxdıqdan sonra Avropa turnesinə çıxan Ancela Devis SSRİ-yə də səfər edib, o, Moskvada Leonid  Brejnevin şəxsi qonağı olub. SSRİ-də ona Moskvada qalmağı da təklif ediblər. O, bu təklifə belə cavab verib:

“Sizdə həyat tam fərqlidir, insan hüquqları pozulmur, qadın və kişi bərabərliyi var. Mən Amerikada daha çox lazımam, çünki saydıqlarımın heç biri orada yoxdur...”

Sözsüz ki, belə bir cavabın səmimiliyinə inanmaq çətindir. Çünki Ancela Devis SSRİ-də Valentina Tereşkovanı “Çayka” avtomobilində görüb, həmin dövrdə çoxları üçün əlçatmaz sayılan “Rossiya” mehmanxanasının restoranında şam edib, mərkəzi univermağın vəzifəli şəxslərə xidmət edən 100 saylı mağazasında sovet vətəndaşlarının geyim təminatının yüksək səviyyədə olduğunun şahidi olub, “Artek” pioner düşərgəsində ağ köynəkli, qırmızı qalstuklu uşaqlar ona xoşbəxt cəmiyyəti xatırladıb, Krımda Mərkəzi Komitənin istirahət evində gecələyəndə SSRİ-ni az qala cənnətə bənzədib. Amma o, göydən zəhərli gübrə atılan tarlalarda, zavodlarda ağır dəzgahlar arxasında işləyən on minlərlə qadının əziyyətini, qadınlıqlarını unudan anlarını görməyib. Tereşkovanın 5 otaqlı mənzilindəki pəncərədən Moskvanı seyr edəndə, Ancela Devis on minlərlə ailənin ən adi şəraiti olmayan kommunal evlərdə yaşadığından xəbərsiz olub.

Gec də olsa, sonralar, 1990-cı illərdə Ancela Devis sovet ideologiyasının sözdən və pafosdan başqa bir şey olmadığını anlayıb, Kommunist Partiyasının üzvlüyündən çıxıb. Məhz həmin ərəfədə onu Moskvaya dəvət edəndə Ancela Devisin cavabı maraqlı olub:

“Bu dəvəti böyük məmnuniyyətlə qəbul edərdim. Amma orada nə görəcəm? Kapitalizm, evsizlər və işsizlər. Bunları elə Amerikada da görürəm...”

80 yaşlı Ancela Devis bu gün Kaliforniya Universitetində çalışması ilə yanaşı hüquq müdafiəçisi kimi də fəaliyyətini davam etdirir. Onun əsas fəaliyyət istiqaməti qadın hüquqlarının qorunmasıdır. 1997-ci ildə isə o, daha bir mübarizəyə qoşulub. Belə ki, lezbiyan olduğunu etiraf edən Ancela Devis həm də homofobiyaya qarşı mübarizəyə qatılıb.

İlham Cəmiloğlu, Musavat.com

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top