Bütün QHT-lərin diqqətinə!

CƏMİYYƏT 19 sen 2023, 14:20
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Sosial.tv-nin əldə etdiyi məlumata görə, bu, nə “əməliyyat”, nə “müharibə” deyil - “lokal xarakterli antiterror tədbirləri”dir. Yalnız bu cür təqdimatdan istifadə xahiş olunur.
Tədbirlərin gedişatı boyunca şəhid, itki, hərbi texnika, onun hərəkəti, əsir və girovlar barədə heç bir məlumat yaymamaq, Ermənistan mediasının informasiyalarını heç bir halda tirajlamamaq xahiş olunur. 
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərksilahı və neytrallaşırılmasına yönəlib.    
Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, mülki əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər həyata keçirilir.    
Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal xuntanın qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin və hərbi obyektlərin məhv edilməsi, hərbçilərin tərksilah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əminamanlığın bərqərər edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top