
“Siyasi partiyalar haqqında” yeni qanun böyük peşəkarlıqla hazırlanıb”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, qanun hazırlanarkən daha bir örnək addım atılaraq aidiyyəti bütün sferaların fikirləri öyrənildi. Qanun layihəsi Milli Məclisin saytında yerləşdirildi, yeni layihə ilə tanış olub ora əlavələrlə bağlı bütün maraqlı kəsimlər öz təkliflərini səsləndirdi. Milli Məclis tərəfindən partiyalarla dinləmələr keçirildi. Bütün siyasi qüvvələrdən yeni qanun layihəsinə dair təkliflər alındı, onların fikirləri və tövsiyələri nəzərə alındı. Eyni zamanda, ölkə ictimaiyyətinin tanınan siyasi şərhçiləri, media nümayəndələri və QHT təmsilçiləri ilə də dinləmələr keçirildi və təkliflərimizi səsləndirdik. Qanun böyük peşəkarlıqla formalaşdırıldı, dinləmələr vasitəsilə fikirlər toplandı və nəticədə plenar iclasda müzakirəyə çıxarılmağı məqsədəmüvafiq hesab edildi.
Ekspertin fikirlərinə görə, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirilib. Rəy sorğusunda vətəndaşların yeni qanun layihəsinin müddəaları da daxil olmaqla təqribən qırx sual ətrafında mövqeyi öyrənilib. Burada 21 suala cavablar qeyd olunub. Sorğu 1071 respondent arasında ev təsərrüfatlarında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz, əminlik intervalında 3 faiz təşkil edib.
“Qanunda vacib nüanslar var ki, təhlükəsizlik və bir sıra məsələlərə görə mühüm əhəmiyyətə malikdir. Seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcək. Bu isə siyasi rəqabətin bütün nəzakət qaydalarını tapdaladığı qlobal siyasi cameə üçün də uğurlu örnək ola bilər. “Siyasi partiyalar haqqında” qanun layihəsi 66-dan artıq dəyişikliklərdən sonra yalnız parlament partiyaları və bütövlükdə Milli Məclisin təşəbbüsü ilə deyil, eləcə də parlamentdə təmsil olunmayan 50-dən çox partiyanın, həmçinin 3-cü sektorun, vətəndaş cəmiyyəti institutlarının birgə layihəsi kimi vətəndaşlarımızın maraqlarını özündə ehtiva edir. Partiyaların yaradılması üçün üzv tələbənin 10 mindən 5 min nəfərə endirilməsi ölkəmizdə səsvermə hüquqlu vətəndaşların bir faizindən də aşağı göstəricidir, bu özlüyündə yetərincə demokratik bir normadır və Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi tövsiyələrə - yəni, səsvermə hüquqlu əhalinin bir faizi normasına tam uyğundur”, - deyə politoloq vurğulayıb.
Sektor müdiri qeyd edib ki, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəaların layihədən çıxarılması dinləmələrdəki fikirlərə verilən dəyərin göstəricisidir. Azərbaycanda ilk dəfə, dövlət hər hansı kvota qoymadan, yəni, 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün mükəmməl bir modeli qanunvericiliyə daxil edir.
Yeni qanun layihəsində zamanın çağırışları tam əks olunub. Bir siyasi partiyanın bütün xalqın adından danışmaq haqqı yoxdur və qanunvericilikdə bu məsələ qeyd olunmaqla siyasi partiyaların açıqlamalarındakı məsuliyyətini artıracaq. Siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur ki, dünyanın ən qabaqcıl ölkələrində bu sahədə vəziyyət ürəkaçan deyil.
Tural İsmayılov əlavə edib ki, siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Vətəndaşlarımız qarşısında siyasi partiyaların hesabatlılığı təmin edilmiş olacaq. Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan olunur. Dövlətçilik maraqları prizmasından yanaşdıqda mütləq diqqət edilməli müsbət məqamlardan biridir.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda siyasi münasibətlər sisteminə əvəzsiz töhfə verəcək. Yeni qanun dövlətin siyasi partiyaların inkişafına olan yanaşmasını da özündə əks etdirir.