“Mənə Azərbaycanı göstər” layihəsi davam edir

QARABAĞ 23 noy 2022, 17:20 130
  İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən “Show Me Azerbaijan” (“Mənə Azərbaycanı göstər”) layihəsi çərçivəsində bir qrup xarici bloger Azərbaycanda səfərdədir.
"Report"un xəbərinə görə, heyətə ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə 10-dan çox ölkəni təmsil edən blogerlər daxildir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov blogerlərlə görüşüb, onlara bu yerin tarixi əhəmiyyəti haqqında məlumat verib.
Qonaqlar İçərişəhər Qoruğu ilə tanış olaraq, tarixi abidələr haqqında məlumatlar əldə ediblər.
Daha sonra xarici blogerlər Qarabağla keçirilən təqdimatlarda iştirak ediblər. Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev şəhər dağıntısı mənasını verən urbisid anlayışı, slaydlarla Şuşa, Füzuli, Ağdamda erməni işğalı nəticəsindən öncə və sonra dağıntıya məruz qalmış abidələr, eləcə də təmsil etdiyi qurumun son iki il ərzində tarixi abidələrinin (Üzeyir Hacıbəyovun heykəli, Şuşa Xalça Muzeyi, Şahbulaq qəsrinin) bərpası, ağıllı parkların yaradılması, çayların bərpası istiqamətində görülən işlərdən bəhs edib.
Dünya şöhrətli fotoqraf Reza Deqati Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı çəkdiyi və dağıntıları əks etdirən şəkilləri nümayiş etdirərək, öz təəssüratlarını bölüşüb.
Azərbaycan Turizm Agentliyinin nümayəndəsi Nuray Əhmədova Azərbaycanın turizm potensialı və marşrutları, təbiət və istirahət məkanları, xaricdən ölkəyə səfər etmək qaydaları, eləcə də Azərbaycanın hazırda iştirak etdiyi “Ənənəvi yemək mədəniyyəti” (Slow food) beynəlxalq layihəsi haqda məlumatlar verib.
Xarici blogerlər gün ərzində Bakı haqqında videolar hazırlayaraq paylaşımlar ediblər.
Səfər noyabrın 27-də başa çatacaq.
Qeyd edək ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, “Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlayıblar. Bu reportajlara yeddi milyondan çox insan baxıb. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top