“Qadın sahibkarlığı Azərbaycan üzrə trenddir”

CƏMİYYƏT 23 noy 2022, 12:14 112
“Qadın sahibkarlığı Azərbaycan üzrə trenddir. 15-20 il öncə biz onları çıraqla axtarırdıq”.
Sosial.tv Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
“Bu gün isə böyük bir auditoriyada qadın sahibkarlarla birlikdəyik, hətta buradakı sahibkarlar ümumi qadın sahibkarların sadəcə bir hissəsini təşkil edirlər”, - deyə o əlavə edib.
Qurum nümayəndəsi bildirib ki, bir çox qadınlar başlanğıcda bu sahədə ürəksiz olurlar, amma işə başlayanda onlar öz bacarıqlarını rahatlıqla ortaya qoya bilirlər:
“Ölkəmizdə ÜDM istehsalında özəl sektorun xüsusi çəkisi var. Bu gün özəl sektorun inkişafına diqqət ayrılır. Sahibkarlığın inkişafı üçün bir sıra qanunverici aktlar qəbul olunub. Azad sahibkarlar yeni istehsal və emal müəssisələrinin açılmasına ciddi töhfələr veriblər. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşməsi, yersiz müdaxilələrin qarşısının alınması imkan verir ki, Azərbaycanda sahibkarlıq inkişaf etsin”.
Sədaqət Qəhrəmanova diqqətə çatdırıb ki, qadınlar arasında özünüməşğulluğun stimullaşdırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir:
“Agentlik tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş 16 232 nəfərdən 4408-i qadındır. Xalçaçılıq, kənd təsərrüfatı, xalq sənətkarlığı və bir çox sahədə biz qadın sahibkarlarla rastlaşırıq. BMT-nin maliyyə dəstəyi ilə biz regionlarda qadın resurs mərkəzləri yaradaraq onlara dəstək göstərməyə çalışırıq. Resurs mərkəzlərinin fəaliyyəti hesabına 8200 qadın müxtəlif peşələrə yiyələnmək üçün təlimlərdən faydalanıb. 600-ə yaxın qadın bunun hesabına sahibkarlıq fəaliyyətinə başlayıb. Təhlillər göstərir ki, hər bir sahədə qadınların inkişafı var. Sahibkarların 27 faizinin qadın olması bizi hələ də qane etmir, göstəricinin daha yüksək olmasını istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top