Azərbaycanlı alim vəfat edib

MƏDƏNİYYƏT 14 noy 2022, 13:32 103
 Sosial.tv Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli 95 yaşında vəfat edib.

 
Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, həmçinin, respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli Rəcəbli 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilib, 1972-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
Öz iхtisasını sеvən, daim еlmi aхtarışlarda оlmuş, müasir mеtоdikaya əsaslanaraq numizmatika еlminin inkişaf tapmasına çalışmış alim, bacarıqlı, işgüzar muzеy işçisi оlan professor Əli Rəcəbli muzey kollektivinin və həmkarlarının hər zaman dərin hörmətini qazanıb.
 

 Xatırladaq ki, Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru olub. Həmin illərdə muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq, həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail olub.
 Qeyd edilib ki, alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qorumaqdadır. 
 
Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülmüşdür.
Azərbaycanın görkəmli numizmat-alimi Əli Rəcəblinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top