Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub

XARİCİ SİYASƏT 08 noy 2022, 16:58
  Azərbaycanın Pakistandakı səfirliyi Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar bu ölkədə rəsmi qəbul təşkil edib.
  Səfir Xəzər Fərhadov hər il ölkəmizdə 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu bildirib və tarixi qələbəmizin ikinci ildönümünü təşkil olunmuş bu qəbulda bizimlə birlikdə qeyd etdikləri üçün qonaqlara öz təşəkkürünü çatdırıb.
  Çıxışı əsnasında iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərə də toxunan X.Fərhadov Pakistanın həm keçmiş Qarabağ münaqişəsi həm də Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini ifadə edib və bu dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
   Qəbulda əsas qonaq qismində iştirak edən Pakistanın müdafiə naziri Məhəmməd Xavaca Asif isə çıxışı zamanı ilk öncə Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edib və Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsinin Pakistan xalqı arasında böyük sevinclə qarşılandığını dilə gətirib. Azərbaycan və Pakistanın iki qardaş ölkə olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyini əminliklə ifadə edib.
Sonda Zəfər Gününün ikinci ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
  Tədbirin rəsmi hissəsindən sonra pakistanlı müğənni Əsəd Qureyşi tərəfindən Azərbaycan və Pakistan musiqiləri, eləcə də səfirliyin əməkdaşı Baba İslamov tərəfindən saz ifa olunub. İfalar qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
  Tədbirdə həmçinin tarixi qələbəmizi, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini özündə əks etdirən çoxsaylı videoçarxlar nümayiş etdirilib.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top