Hüseyn Cavidin barelyefi qurulub

ELM VƏ TƏHSİL 26 okt 2022, 16:51 62
 Sosial.tv məlumat verir ki, Amerika da Hüseyn Cavidin şərəfinə barelyef qurulub.
Mədəniyyət Nazirliyi bildirib ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində qoyulmuş barelyef Azərbaycanın tanınmış şair və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinə həsr edilib.

Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu xatirə barelyefi Vaşinqton şəhərinin tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərinə vurulmuşdur. Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

 Açılış mərasimində ABŞ hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, iş adamları və Azərbaycan icmasının nümayəndələri iştirak edib. Tədbiri açılış sözü ilə başlayan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının sədri Reza Vəziri qonaqları salamlamış və barelyefin açılışının əhəmiyyətdən danışıb.
 Daha sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Hüseyn Cavid irsinin Azərbaycan tarixindəki rolundan bəhs edib. O, Hüseyn Cavidin azadlıq idealları uğrunda apardığı mübarizə yolundan, onun sürgün illərindən və daha sonra nəşinin ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvana gətirilməsindən danışıb.
 Mərasimdə Vaşinqton şəhəri Kolumbiya Əyalətinin meri xanım Mariel Bauserin 24 oktyabr 2022-ci il tarixini Hüseyn Cavidin Anım Günü elan etməsi barədə bəyanatının mətni oxunub. Bəyanatda Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı rolu ilə yanaşı onun azadlıq və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə qeyd edilir. Həmçinin vurğulanır ki, Hüseyn Cavidin azad və ədalətli dünya idealları və onun ədalətsizlik və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə çağdaş dünyamızda aktual olaraq qalmaqdadır.
 Tədbir çərçivəsində layihənin baş tutmasına, eyni zamanda ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyətinə vermiş olduqları dəstəyə görə bir neçə nəfərə xatirə lövhələri hədiyyə edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top