Paris-Berlin qarşıdurması – Almaniya Cənubi Qafqaza yenidən gəlir

ANALİTİKA 01 mar 2024, 14:01 152

Beynəlxalq aləmdə istənilən təşkilatın sponsoru, yaxud lideri var. Məsələn, BMT dünya hökuməti sayılsa da, onun aparıcıları ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin, NATO-da bu rol Ştatlara, MDB-də isə RF-yə məxsusdur. Başqa ölkələr bu qurumlara sadəcə siyasi, hərbi müdafiə məqsədi ilə qoşulurlar. Avropa İttifaqını (Aİ) da bir neçə dövlət özününkü sayır. Onların qənaətincə, İttifaqın adından istənilən fırıldaq və dələduzluğu edə, hansı ölkənin istəsələr ona lobbiçilik edib, təşkilata üzv qəbul etdirə bilərlər.

Fransa və Almaniya Aİ-nin əsas lokomotivi sayılır. İkinci dünya müharibəsindən sonra 1945-1959-cu illərdə sülhsevər Avropanın qurulması prosesi başlayıb. Nə qədər təzadlı da olsa, o vaxtkı Qərbi Almaniya ilə Fransanın iştirakı ilə bu qurumun əsası qoyulub.

Bu iki ölkə tarixi düşmən vəziyyətindən XX əsrdə rəqibə çevrilib. Almaniya-Fransa dostluğu hələ də Avropanın birliyinin mühərriki sayılır. Böyük Britaniya Aİ-də olanda Berlin-Paris oxu güclü görünürdü. Çünki onlar krallığa qarşı bir mövqedən çıxış etmək üçün bu birliyi qorumağa, özlərini aralarında problem olmayan kimi göstərməyə məcbur idilər.

Brexit-dən (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) sonra da onlar Aİ-nin dağılmaması, güc olduğunu nümayiş etdirmək üçün müxtəlif layihələrlə mühərrikin güclü olduğunu nümayiş etdirirdilər. 2019-cu ildə hər tərəfdən 50 deputat olmaqla Parlament Assambleyası yaratdılar. Bu məclis ildə iki dəfə toplanır. Onun əsas vəzifəsi Aaxen sülh müqaviləsi müddəalarının yerinə yetirilməsinin monitorinqini aparmaqdır. Qeyd edək ki, birinci Aaxen müqaviləsi 1668, ikinci 1748, üçüncü 1818-ci ildə imzalanıb.

Bu tərəflər arasında beş əsirlik ziddiyyətin öz həllini hələ də tapmadığını ehtimal etməyə əsas verir. Belə bir şərait həm də onların biri-birinə etimadsızlığının mövcudluğunun göstəricisidir. Fransa və Almaniya arasında bu kimi münasibətlər fonunda sülhsevər Avropanın gələcəyi də şübhəlidir.

Brexit-in ardınca Ukraynada 2014-cü ildən sonra baş verən siyasi hadisələr, 2022-ci il fevralın 24-də Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi Avropa İttifaqını da seçimlə üzləşdirdi. Belə ki, birlik daha da güclənmək, perspektivdə yeni üzvlər qəbul etmək üçün ya Ukraynanın müdafiə, ya da Rusiya ilə milyardlarla avroluq ticarət əlaqələrindən imtina etməli idi. Ona görə Berlin və Parisin tərəddüdü uzun sürdü.

Bu, Almaniya və Fransa arasında münasibətlərin gərginləşməsinə də səbəb oldu. Rəsmi Berlin Parisi Ukraynaya az hərbi yardım etməkdə ittiham edib. Son günlər Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya NATO ölkələrinin quru qoşunları göndərməsi ilə bağlı təklifi vəziyyəti bir az da ağırlaşdırıb.

Berlin və Paris nüvə enerjisinin qazıntı yanacaqlarının (daş kömür, torf və s.) əvəz edilməsi rolu üzərində də getdikcə daha çox mübahisə edirlər. Fransa daha çox nüvə enerjisinə üstünlük verir. Buna görə Paris Azərbaycanın təbii qazından imtina edilməsini də tələb kimi Aİ üzvləri qarşısında qoymuşdu. Ancaq başqa təşəbbüsləri kimi bu da fiaskoya uğradı. Avropalı siyasətçilər bildirir ki, iki ölkə arasında ziddiyyətin başlıca səbəbi Emmanuel Makronun lider olmaq istəsə də, buna nail ola bilməməsidir.

Ukrayna məsələsində olduğu kimi, Cənubi Qafqazla bağlı məsələlərə də Aİ-nin xüsusi ilə Fransanın yanaşması qərəzli, tərəfli və hikkəli görünür. Azərbaycan və Ermənistana münasibətdə birmənalı olaraq ikincini müdafiə etmək, onu silahlandırmaq, iki ölkə arasında sərhəd müəyyənləşmədən bölgəyə İttifaqın adından “mülki müşahidə missiyası”nı yerləşdirmək və s. bunu təsdiqləyir.

Ancaq bu məsələdə Almaniya Fransadan daha ehtiyatlı və tərəfsiz görünür. Bu keyfiyyətinə görə vaxtı ilə rəsmi Bakı AFR-in ATƏT-in Minsk qrupu həmsədrliyində təmsil olunması təklifini irəli sürmüşdü. Onda Fransa bu ideyanın həyata keçməsinə mane olmuşdu. Bu, Fransanın Avropa İttifaqı adından Cənubi Qafqazda təkbaşına təmsil edilməsi istəyindən doğurdu.

Yelisey sarayı təmsilçilərinin Cənubi Qafqazda atdığı qərəzli, regionda təhlükəsizliyi təhdid edən, təxribatçı addımları, həm də Avropa İttifaqının ünvanına yazılır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələr saxlasa da, daha çox quruma üzv ayrı-ayrı dövlətlərlə əməkdaşlıq münasibətlərinin qurulub, inkişaf etməsinə daha çox üstünlük verir.

Fevralın 16-da Almaniyanın Kansleri Olaf Şoltsun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə təhlükəsizlik konfransı çərçivəsində ikitərəfli görüş keçirilib. Fevralın 28-29-da isə Azərbaycan XİN başçısı Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli müzakirələr reallaşıb.

Əvvəllər Fransa belə görüşlərin təşəbbüskarı olmağa cəhd edirdi. Ancaq Ermənistan mövqeyindən çıxış etdiyi üçün bu rəsmi Bakının Parisin bu kimi “xidmətindən” imtinası ilə yekunlaşıb. Almaniyanın Azərbaycan-Ermənistan məsələlərində tərəfsizliyini qoruyub saxlaya bilməsini Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də vurğulayıb. Bununla yanaşı, İlham Əliyev Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. O deyib ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.

Prezident Azərbaycan torpaqları işğal altında olanda ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin mövqeyinin tənqid edərək demişdi: “30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı”.

Dövlət başçısı regiona Azərbaycanın tutduğu mövqedən bəhs edərək bildirmişdi: “Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər".

Bununla da Almaniyaya tərəfsizliyini qorumaqla əməkdaşlığı genişləndirmək təklif olunur. Rəsmi Bakı bununla Fransaya alternativ kimi Almaniyanın ola biləcəyini nümayiş etdirir. Rəsmi Berlin Cənubi Qafqazda əlaqələri və mövqeyini gücləndirə bilər. Azərbaycan Almaniyaya regionda bu şansı verir.

Sədrəddin İsmayılov,
(Report)

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top