"GƏLƏCƏYİN MƏŞHURLARI – Şəfa Ağayeva"

MƏDƏNİYYƏT 29 fev 2024, 11:48 703
Ağayeva Şəfa Daşqın qızı 11 sentyabr 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ağayev Daşqın Sayadxan oğlu Sumqayıt Dövlət Universitetinin "Gömrük işi" fakültəsinin məzunudur. Anası Ağayeva Esmira Tahir qızı evdar xanımdır. Qardaşı Elvir Sabunçu rayonu 28 saylı tam orta məktəbin 8-ci sinfində oxuyur. Ailənin son beşiyi olan Şəfa 2017-ci ildə Sabunçu rayonu 255 nömrəli məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Hal-hazırda 28 nömrəli məktəbdə təhsil alır. Şəfa uşaqlıq illərini Yardımlı rayonunda keçirib, təbiətin gözəlliyini öz gözləri ilə görüb kiçik yaşlarında illüstrasiya yaratmağa çalışıb. Şəfanın rəsmə böyük marağı olduğunu görən valideynləri onun istəyinə uyğun olaraq incəsənət sahəsinə yönləndiriblər. Təbii ki, rəssamlığın sirlərinə yiyələnmək üçün peşəkar mütəxəssisə ehtiyac var idi. İlk köməyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Elgün müəllim etdi. Daha sonra 28 saylı məktəbin rəsm müəllimi Səkinə Hüseynova Şəfada rəsmə böyük maraq olduğunu görür və valideynlərlə əlaqə saxlayır. Bundan sonra onun yaradıcılığında yeni bir dönəm başlayır. Şəfa kətan  üzərində yağlı boya, akril kağız üzərində sulu boya, quaş, rəngli karandaş, qara qələmlə müxtəlif mövzulu əsərlər ərsəyə gətirir. Yaşının az olmasına baxmayaraq, rəssamlıq axtarışı  aparır və bir-birindən gözəl tablolar yaradır.
İlk dəfə "Evrika" liseyində əlil uşaqlara yardım məqsədi ilə keçirilən sərgidə əsərləri nümayiş olunur və əldə olunan gəlir əlil uşaqların müalicəsinə verilir. Sabunçu rayon məktəbləri arasında keçirilən "Azərbaycan mənim ürəyimdir!" mövzusunda sərgidə iştirak edir və xüsusi diplomla təltif olunur. Şəfa "Uğurlarımızla 2024-ə", "Türk dünyasının mədəniyyət paytaxtı-Şuşa" yeniyetmə və gənclərin gözü ilə rəsm müsabiqəsində iştirak edir və hər iki müsabiqənin diplomuna layiq görülür. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovanın təşkilatçılığı ilə işğaldan azad olunmuş Zəngilana səfər turunda Şəfanın çəkdiyi etüd rəsm müsabiqəsində xüsusi diploma layiq görülür.  2024-cü ildə yanvarın 28-də Beynəlxalq Qalereyada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Rəssam və Təbiət" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilir. Şəfanın sərgidə 10 əsəri nümayiş etdirilib və Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tərəfindən diplomla mükafatlandırılıb.
YAP Yasamal Rayon Təşkilatının və Beynəlxalq Qalereyanın birgə təşkil etdiyi "Gəncliyimi necə görmək istərdim" adlı Respublika sərgi müsabiqəsində 1-ci yerə layiq görülərək  xüsusi diplomla təltif olunub. Şəfanın "Erkən evliliyə yox deyək" rəsm müsabiqəsində çəkdiyi şəkil iştirakçıların xüsusi diqqətini çəkib.
Biz də ümid edirik ki, bu yeniyetmə rəssam illər ötdükçə daha gözəl əsərlər ərsəyə gətirəcək, vətənimizi müxtəlif müsabiqələrdə layiqincə təmsil edəcək.
Şəfaya gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Müxbir: Aygün Oqtay












 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top