Azərbaycanla sərhəddə toqquşmaya hazırlaşan "Yerkrapa" təşkilatı nədir və kimlərin sifarişlərini yerinə yetirir?- ARAŞDIRMA

ÖZƏL 18 fev 2024, 17:34 320

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. 13 fevral tarixində Azərbaycan DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində erməni ordusunun döyüş postu darmadağın edilib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 4 erməni hərbçi məhv edilib, bir hərbçi yaralanıb, lakin qeyri-rəsmi məlumatlara görə itkilər daha çoxdur.

Fevralın 12-də baş verən hadisələr Ermənistan cəmiyyətində ciddi rezonans doğurub. Erməni mediasının yaydığı məlumata görə həlak olanlar Ermənistanın “Yerkrapa” Könüllülər Birliyinin üzvləri olub. Maraqlısı odur ki, sözügedən təşkilat 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin II Qarabağ Müharibəsində və digər bir neçə hərbi əməliyyatlarında iştirak etməsi barədə infromasiyalar yayılmışdı.

“Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə Vazgen Sarkisyan tərəfindən təsis edilib. 

Cənubi Qafqaz münaqişələri üzrə britaniyalı analitik Vallın fikrincə, bu təşkilat Ermənistanda həmişə daxili siyasi proseslərdə iştirak edən, hakimiyyəti  müdafiə edən ən güclü təşkilat olub.

Həmin təşkilat müxtəlif dövrlərdə siyasi repressiyalarda, Ermənistanda 1 mart hadisələri zamanı 
etirazçılara qarşı zorakılıqda , Ermənistan seçkilərində hakimiyyətə seçki saxtakarlığı təşkil etməkdə, erməni ordusunun silah-sursatını, ərzaq mallarını mənimsəməkdə ittiham olunub .

“Yerkrapa”ın ilk lideri Vazgen Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı qətlə yetirildikdən sonra Manvel Qriqoryan təşkilatın lideri seçilmişdi. Qriqoryanın “Yerkrapa”ya yolu Ermənistan Müdafiə Nazirliyindən keçmişdi,  o, nazir müavini idi, ancaq 2008-ci il seçkilərində Levon Ter-Petrosyanı dəstəklədiyi üçün vəzifədən azad olumuşdu. Sonradan o, Serj Sarkisyanı dəstəklədiyini elan edir və Sarkisyanın 2013-cü il seçkilərində qalib gəlməsinə yardım edir. Ancaq bir neçə il sonra Qriqoryan korrupsiya ittihamları ilə həbs olunur və “Yerkrapa” liderliyini tərk etməli olur. Ona verilən ittihamlar arasında qeyri-qanuni silah və hərbi sursat saxlamaq, külli miqdarda dövlət əmlakının mənimsənilməsinin və oğurlanmasının təşkili, dövlət vəsaitlərinin israfı, vergidən yayınma da var idi. “Yerkrapa”, yuxarıda qeyd edildiyi kimi, müxtəlif illərdə siyasi repressiyada, etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıqda, iqtidar üçün seçki saxtakarlığında, qanunsuz silah və hərbi sursat, eləcə də ordu üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham edilib. Hazırda bu qurum könüllülərinin sərhəd bölgəsində döyüş növbətçiliyi Silahlı Qüvvələrinin rəhbərliyi ilə razılaşdırılır və tənzimlənir. “Yerkrapa” həm də Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Ancaq dövlət büdcəsində “Yerkrapa”üçün ayrıca bənd nəzərdə tutulmur. Erməni mediasında müxtəlif illərdə “Yerkrapa” tərəfindən həyata keçirilən layihələr üçün dövlətin Ehtiyat Fondundan vəsait ayrıldığı haqqında məlumatlara rast gəlinir. Sərhəddə döyüş növbətçiliyi zamanı “Yerkrapa” üzvləri hərbi təlimdə iştirak edən ehtiyatda olan hərbçilər kimi təchiz olunur və bu müddət ərzində onların iş yerlərində əmək haqqı qorunur. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top