Ekspert: Elm və Təhsil Nazirliyi üçün 30 və 50 bal eyni əhəmiyyət daşıyır, fərq yaratmır

ELM VƏ TƏHSİL 16 noy 2023, 15:07 31

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”.

Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.

“Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”.

Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin məktəblərə üstünlük verilir.

“Ölkəmizdə fərqliliyi ilə seçilən neçə belə məktəb var?! Bu sıxlığın aradan qaldırılması üçün şagirdlərin yaşadığı ərazidə yerləşən məktəbi seçmək kimi məhdudlaşdırıcı tədbirlər də düzgün deyil. Bunun həlli ondadır ki, göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalı, əngəllər aradan qaldırılmalı, keyfiyyət göstəricisi digər məktəblərə çatdırılmalıdır”.

Ekspert deyir ki, ikinci amil, xüsusən də rayonların ərazilərində yerləşən kəndlərdə tam orta təhsil verə bilən məktəblərin olmamasıdır.

“Bu, hardasa başadüşülən haldır. Əhali sayı az olan bir neçə kənd üçün bir məktəb tikilir. Nəzərə alsaq ki, kəndlər heç də bir-birinə yaxın məsafədə yerləşmir. Heç kimə sirr deyil ki, yolun uzaqlığı şagirdlərin, xüsusən də qız uşaqlarının təhsildən yayınmasına səbəb olur. Əslində bu problemin həlli olduqca asandır”.

Rizvan Fikrətoğlu düşünür ki, müəyyən marşrut xətti üzrə uzaq məsafələrdə yaşayan şagirdlər məktəbə aparılıb gətirilə bilər.

“Bununla, həm şagird güvəndə olar, həm də məktəbə vaxtında çata bilərlər. Mövcud vəziyyətdə bu da yoxdur”.

R.Fikrətoğlu müəllimlərə verilən maaşlardan da söz açıb.

“Müəllimlərin maaşları məsələsinə gəlincə bildirməliyəm ki, suyun neftdən baha olduğu zamanda ali və orta-ixtisas təhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqları ürəkaçan deyil. Hazırda bir çox ali təhsil müəssisələrində müəllimlərin maaşı orta məktəb müəllimlərinin aldıqları əmək haqqından aşağıdır. Nədənsə illərdir ki, bu məsələ diqqətdə saxlanılmır”.

Ekspert qeyd edir ki, bəzi islahatlar nəticəsində orta məktəb müəllimlərinin maaşları artırılsa da əcaib problemlər var.

“Məsələn, hazırda müəllim işləyən şəxs sertifikasiya imtahanında mövcud 60 baldan 30-50 arası toplayıbsa maaşının 10 faizini, 50-dən 60-a kimi bal toplayanlar isə maaşının 35 faizini əlavə kimi alırlar. 50 balı toplayan, yəni sualların 83.3 faizinə düzgün cavab vermiş müəllimin maaşı 10 faiz artırılır. Belə qənaət hasil olur ki, Elm və Təhsil Nazirliyi üçün 30 və 50 bal eyni əhəmiyyət daşıyır, fərq yaratmır”.

Müsahib qeyd olunan göstəricilərdən narazılığını dilə gətirib.

“Bu necə hesablama, hansı məntiqdir? Belə maaşmı artırarlar? Bu, anormal hesablamadır, hətta beynəlxalq standartlara belə uyğun gəlmir. Əgər bal nəzərə alınmırsa, müəllimlər 31 bal üçün çalışardılar”.

Rizvan Fikrətoğlu bu məsələ ilə bağlı öz təkliflərini bildirib.

“Elm və Təhsil Nazirliyinə başqa bir differensial hesablama qaydası təklif edirəm. Bu, həm hüquqi, həm də ədalətli olardı. 31-35 bal toplayan müəllimlərin maaşı 10 faiz, 36-40 bal toplayanların 15 faiz, 41-48 bal toplayanların 25 faiz, 49-54 bal toplayanların 30 faiz, 55-60 bal toplayanların maaşı isə 35 faiz artırıla bilər. Burada rəqəmlərlə aşağı-yuxarı olmaqla azca oynamaq olar. Əsas məsələ odur ki, müəllim əməyi ilə oynanılmasın”.

Həcər Əmiraslanlı

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top