Azərbaycan Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

CƏMİYYƏT 08 noy 2023, 11:13 41

Azərbaycan Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Siyasi elmlər kafedrasının təşkil etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Siyasi elmlər kafedrasının müdiri Elvin Talışinski Sosial TV-yə açıqlamasında bildirib ki, təşkil etdikləri tədbirdə universitetin Vətən müharibəsi iştirakçısı olan tələbə və məzunları da iştirak edib. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, Azərbaycan müstəqilliyin bərpasının ilk illərində çoxsaylı təhlükələrlə üzləşib, ağır sınaqlardan keçib, ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi 30 il Ermənistanın işğalı altında qalıb: “Artıq 3 ildir sevincini və qürurunu yaşadığımız Qarabağ zəfəri ilə xalqımızın tarixində mütəsna əhəmiyyətli yeni mərhələ başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan və dünya hərb tarixinə düşən qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycanın hər nöqtəsində şanlı bayrağımız dalğalanır”, - deyə Elvin Talışinski əlavə edib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı tarixi qələbəni ona bəxş edən şəhidlərin xatirəsini daim əziz tutacaq və yaşadacaq.

Çıxışların ardından tədbir iştirkaçıları “Ordum varsa, yurdum var” sənədli filmini izləyiblər. Film 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşanın işğaldan azad olunması əməliyyatından bəhs edir.  

Tədbir Zəfər Gününə həsr olunmuş kompozisiya ilə yekunlaşıb.

Rizvan FİKRƏTOĞLU

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top