Ulu Öndərin 100 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

GÜNDƏM 03 noy 2023, 10:38 37

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.

“Milli təhlükəsizlik və müasir hərb sənəti” mövzusunda keçirilən konfransda Milli Müdafiə Universiteti və tabeliyindəki təhsil müəssisələrinin zabit, professor-müəllim heyəti ilə bərabər, Müdafiə Nazirliyinin, AMEA İnformasiya Texnologiyaları İnstitutunun, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Milli Aerokosmik Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin, Bakı Ali Neft Məktəbinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Sərhəd Xidməti Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Şamaxı Astrofizika Rəsədxanasının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev açıq elan edərək Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin aspektlərindən danışıb, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərdən söz açıb, həmçinin elmi-praktik konfransın işinə uğurlar arzulayıb.
İştirakçı və qonaqlara dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan Böyük Qələbənin üçüncü ildönümünə həsr olunan videomateriallar nümayiş olunub.

Konfransda çıxış edənlər Heydər Əliyev və ordu quruculuğu, Ulu Öndərin əsasını qoyduğu müasir Azərbaycanın inkişaf strategiyası, təhsil, elm, iqtisadi və hərb sahəsindəki inkişaf dinamikası barəsində fikirləri iştirakçıların diqqətinə çatdırıblar.

Plana uyğun olaraq konfransda İqtisadi elmlər doktoru, professor Rasim Həsənov və milli təhlükəsizlik və hərbi-nəzəri elmlər doktoru, professor, polkovnik Bəbir Quliyevin moderatorluğu ilə “Cənubi Qafqazda təhlükəsizlik arxitekturası” və “Müasir mərhələdə hərb sənətinin inkişaf xüsusiyyətləri” mövzularında panel müzakirələr aparılıb.
Qeyd olunub ki, konfransın əsas məqsədi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.

Plenar iclasdan sonra respublika elmi-praktik konfransı dörd bölmə üzrə işini davam etdirib. İştirakçıların “geosiyasət və milli təhlükəsizlik”, “hərbi idarəetmə və hərb sənəti”, “hərbi texniki elmlər” və “hərbi humanitar elmlər” mövzularında maraqlı elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top