Azərbaycanlı məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə yaradıblar - FOTO

DÜNYA 06 okt 2023, 14:39 70
Azərbaycan məktəbliləri ilk dəfə Beynəlxalq Kosmik Stansiya (BKS) ilə radioəlaqə yaradıblar.
 Sosial.tv Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 4-dən 10-dək Bakıda keçirilən Ümumdünya Kosmos Həftəsi çərçivəsində Azərbaycan Respublikasının “Azərkosmos” Kosmik Agentliyinin təşəbbüsü ilə Bakıda məktəblilərlə görüş keçirilib.
Görüşdə Bakı şəhəri 149 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Görüşün əsas məqsədi orta məktəb şagirdlərinin kosmosa marağını artırmaq olub.
 Onlar Beynəlxalq Kosmik Birliyin fəal üzvü olan, regionun ilk peyk operatoru kimi 2010-cu ildən telekommunikasiya və Yer kürəsinin müşahidəsi xidmətləri göstərən “Azərkosmos”un fəaliyyəti ilə tanış olublar.
 Sual-cavab formatında davam edən görüşdə məktəblilər “Azərkosmos”un 2013 və 2018-ci illərdə orbitə buraxılmış ilk telekommunikasiya peykləri olan “Azerspace1” və “Azerspace2” peyklərinin iş prinsipləri ilə maraqlanıblar.
 Sonra məktəblilərə oktyabrın 2-6-da ölkəmizin keçirdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi və Ümumdünya Kosmos Həftəsi haqqında geniş məlumat verilmişdir.
 Eyni zamanda tələbələrə kosmosun çoxməqsədli tədqiqi üçün istifadə edilən insanlı orbital stansiya olan Beynəlxalq Kosmik Stansiya haqqında ətraflı məlumat verilib.
 Tədbirdə məktəbliləri kifayət qədər xoş sürpriz gözləyirdi. Beləliklə, onlar “Azərkosmos”un dəstəyi ilə ilk dəfə olaraq BKS ilə radiorabitə qura bildilər. Bu uğur tələbələrin böyük marağına və sevincinə səbəb olub.
Tədbirin sonunda məktəblilər üçün 3D çap üzrə ustad dərsi keçirilib, onlara “Azərkosmos”un hədiyyələri təqdim olunub.

Mənbə: oxu.az
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top