Türk ordusu sərhəddə: “Hücum S-400 zərbəsi ilə başlayacaq”

DÜNYA 25 apr 2024, 23:53 610

Türkiyə sərhəd təhlükəsizliyinin təmin edilməsi, o cümlədən texniki yardımda qonşu İraqa yardım etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
“İraqın diqqətinə çatdırdıq ki, sərhəd təhlükəsizlik sistemləri məsələsində onlara dəstək verməyə hazırıq”, - kanalın mənbəsi söyləyib.
Rəsmi qeyd edib ki, bu məsələ aprelin 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri zamanı müzakirə olunub.
Onun sözlərinə görə, təhlükəsizlik, ümumi sərhədlərin qorunması və terrorla mübarizə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində yaradılacaq Təhlükəsizlik Məsələləri üzrə Birgə Koordinasiya Mərkəzinin fəaliyyət prinsiplərinin müəyyən edilməsi üçün İraq tərəfi ilə danışıqlar aparılır. 
Ərdoğanın Bağdaddakı danışıqlarında əsas məsələlərdən biri PKK terror təşkilatına qarşı mübarizə və bu məqsədlə birgə əməliyyat koordinasiya mərkəzinin yaradılması məsələləri olub.
Yerli KİV-in məlumatına görə, Ərdoğanın İraqa səfərindən sonra Türkiyə ordusu qonşu ölkənin şimalında irimiqyaslı sərhəd əməliyyatı keçirə bilər. Əməliyyatın məqsədi sərhəddən 30-40 km dərinlikdə təhlükəsizlik zonası yaratmaq və Türkiyə ilə İraq arasındakı 378 km-lik sərhədin bütün xəttinə tam nəzarəti təmin etməkdir. Təhlükəsizlik zonasının yaradılmasının yaya qədər başa çatdırılması planlaşdırılır. Artıq hərbi qüvvələrin bu məqsədlə sərhəddə toplanması barədə məlumat var.
“Business Insider” bundan əvvəl Türkiyə ordusunun PKK-ya qarşı planlaşdırılan hərbi əməliyyatlarda ilk dəfə Rusiyadan alınan S-400 sistemindən istifadə edəcəyini yazmışdı. Sistemin bu məqsədlə İraqla sərhəddə yerləşdiriləcəyi iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top